"Direktor qapını içəridən bağlayaraq qızımı döyüb" - Daha bir məktəbdə zorakılıq - FOTO
“Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır ki, məktəbə getmir. Buna səbəb Gülnar Məmmədlinin həmin məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında alçaldılmasıdır".
Bu barədə Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Gülnar Məmmədlinin atası İlqar Məmmədov tərəfindən Redaktor.az-a daxil olmuş şikayət məktubunda deyilir.
Valideyn daha sonra yazıb:
"Belə ki, ciddi psixoloji problemləri olan direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə 9a sinfinə daxil olmuş, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək əynindəki gödəkçəni çıxarmasını tələb etmişdir. Girib dərsə uşaq məktəb forması geyinmədiyinə görə, telefon olub üstündə ona görə edib. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu gördükdə həmin telefonu vəhşicəsinə şagirddən alıb, yerə vuraraq sındırmış və Gülnar Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etmişdir. Uşağı danlayıb, ağzına gələni deyib, söyüb. Bununla da əsəbi soyumayan Çinarə Atayeva şagirdi otağına aparmış, pəncərənin pərdələrini və qapını içəridən bağlayaraq Gülnar Məmmədlini döyərək fiziki şiddət göstərmişdir".
Direktor Çinarə Atayeva tərəfindən törədilmiş bu vəhşilik bundan qabaq bir neçə dəfə başqa şagirdlərə qarşı da törədilmişdir. İnternet xəbər saytlarında bununla bağlı kifayət qədər məlumat əldə etmək mümkündür. Baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinfin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri Şəfaqət Balcanovaya tapşırıq verilmişdir. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisəylə bağlı məlumat verməmək tapşırığı verilmişdir. O səs direktorun səsidir. Yalandan paylaşıblar ki, sinif rəhbərinin səsidir. Direktora heç yaxın gediləsi deyil.
Şagird Gülnar Məmmədli artıq 1 aydır ki, psixoloji sarsıntı keçirməsi, məktəb direktoru Çinarə Atayevadan və sinif rəhbəri Şəfaqət Balcanovadan qorxduğu üçün məktəbə gedə bilmir. Davamlı olaraq Gülnar Məmmədlinin ailəsinə direktora yaxın şəxslər tərəfindən psixoloji təzyiqlər olunur. Şagird Gülnar Məmmədlinin intihar həddinə çatması səbəbindən ailəsi tərəfindən psixoloqa müraciət edilib. Baş vermiş məsələ artıq araşdırılması məqsədilə Abşeron rayonunun İstintaq şöbəsinə göndərilib. Polis bölməsində təhqiqatda idi, işi veriblər istintaqa, hələ bir xəbər yoxdur. Təhqiqatçı dedi vermişik istintaqa, orada da Azər Məmmədov baxır işə. Hələ bir xəbər yoxdur. Nə zəng var, nə bir şey. Təhsil Nazirliyinə də müraciət etmişik. Buna baxmayaraq Təhsil Nazirliyi tərəfindən direktor barədə heç bir tədbir görülmür. Yalandan dedilər tədbir görəcəyik, hələ bir şey yoxdur. Uşaq o vaxtdan dərsə getmir”.
İlqar Məmmədov redaksiyamıza məktəb direktorunun valideynlərə votsap qrupunda göndərdiyi səs yazısını da göndərib. Həmin səs yazısında deyilir:
“Axşamınız xeyir uşaqlar, valideynlər. Valideynlər, xahiş edirəm sabah bir-bir uşaqların hamısını məktəbə göndərin. Sabah yoxlama gəlir. Birinci saat gələcəm. O günkü hadisəni “ay direktor telefonu yerə çırpdı...” demirsiniz. Gəlib sizi sabah danışdıracaqlar. Mütləq sabah hamınız dərsə gəlirsiniz. Birinci saat özüm gələcəyəm, sizi məlumatlandırmalıyam. Eşitdinizmi uşaqlar? Hamınız gəlirsiniz. Valideynlər sizdən də xahiş edirəm bu gün 15 nəfər uşaq gəlmişdi, yenə mənim adım gedib. Bu iki gün uşaqlarınızı dərsə göndərin”.
Qeyd olunan şikayətlə bağlı ötən gün Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblə əlaqə saxlamağa çalışdıq. Lakin məktəbin telefonuna cavab verən şəxs direktor Çinarə Atayevanın məktəbdə olmadığını və onun mobil telefon nömrəsini bilmədiyini deyərək dəstəyi asdı.
Zərif Ülviqızı














