51 məktəbdə monitorinqi aparıldı

 17:33 10.06.2022     3194

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2022-ci il üçün fəaliyyət planında nəzərdə tutulmuş “Ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” fəaliyyətinin icrası çərçivəsində cari ilin fevral-may aylarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 51 məktəbdə keyfiyyət monitorinqi aparılıb.

Bu barədə Redaktor.az-a TKTA-dan məlumat verilib. Bildirilib ki, keyfiyyət monitorinqləri TKTA tərəfindən yaradılan monitorinq qrupları tərəfindən çərçivə sənədində müəyyən edilmiş keyfiyyət göstəriciləri əsasında məktəb fəaliyyətinin müxtəlif sahələrini - şagirdlərin nailiyyətləri, şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirmə, məktəb mühiti, həmçinin idarəetmənin keyfiyyəti məsələlərini əhatə edib. Məktəb fəaliyyətinin keyfiyyətinin ətraflı dəyərləndirilməsi məqsədilə monitorinq heyəti dərs müşahidələri, məktəbin direktoru, müavinlər, psixoloq, fənn metodbirləşmə rəhbərləri ilə müsahibələr, məktəbin infrastrukturuna və maddi-texniki bazasına baxış, anonim sorğular və digər fəaliyyətlər həyata keçiriblər.

Məktəblərdə ümumilikdə 2 min 290 dərs müşahidəsi aparılıb, 371 nəfər heyət üzvü müsahibədə iştirak edib. Bakının müxtəlif rayonları, həmçinin Abşeron rayonu üzrə, eyni zamanda, Gəncə, İsmayıllı, Qəbələ ərazisində yerləşən məktəblərdə ümumilikdə 61 min 224 şagird təhsil alır və 3892 müəllim çalışır. Monitorinqlər nəticəsində əldə edilən məlumatlar təhlil edilərək hər bir məktəbin fəaliyyəti haqqında ətraflı hesabatlar hazırlanıb.

Monitorinq aparılmasının əsas məqsədi məktəblərin müsbət və inkişafa ehtiyacı olan tərəflərini aşkar etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir. TKTA-nın inspeksiya heyəti bu sahədə Bakı Şəhər Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi və Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi ilə əməkdaşlıq edir.