Sabah yenə İMTAHAN VAR

 11:58 11.06.2022     271

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də “qeyri-məqbul” qiymət almış cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində 5 binada keçiriləcək imtahanda 1153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bir saat otuz dəqiqə davam edəcək imtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

-oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.