Tələbələrə bufetlə bağlı yenə qadağa qoyuldu

 12:54 11.06.2022     303

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. 

Redaktor.az xəbər verir ki, sözügedən elan təhsil müəssisəsinin bufetinin divarından asılıb: “Kənardan bufetə yemək gətirilməsi qadağandır!”

“Azərbaycan Universitetləri” səhifəsində paylaşılan elan tələbələrin müzakirə və etirazlarınaa səbəb olub. Universitetin bufetində qiymətlərin marketlərə nisbətən çox baha olduğunu vurğulayan tələbələr qərara ironiya ilə yanaşıblar. Paylaşıma reaksiya verən digər universitet tələbələri isə bildiriblər ki, başqa təhsil ocaqlarında da bufetlərə kənardan yemək gətirmək qadağan edilib. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətindən həftəsonu işləmədiklərindən sorğuya daha sonra cavab verə biləcəklərini bildirilib. 
 
Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu (report.az).