"Son zəng"i çalınan Nilgün: "Xoşqədəm xanımın bir zəngi həyatımı dəyişdi"

Mən Məmmədli Nilgün, Bakı şəhəri N.Nərimanov rayonu Məktəb Lisey Kompleksi 11ç sinfində oxuyuram. Maraqlı məktəb həyatımı, uğurlu təhsil fəaliyyətimi bu məktəbdə başlayıb, elə burada da bitirirəm. Sevimli, doğma məktəbimdən 11 il ərzində bir çox şey öyrənmişəm. Əlbəttə, buraya fənn bilikləri ilə yanaşı, həyat dərsləri də aiddir. Lap əvvəldən, 1-ci sinifdən başlamaq istəyirəm.
2011-ci ilin 15 sentyabr tarixi. Məktəb həyatımın ilk günü idi. Həmyaşıd dostlarla birlikdə siniflərimizə getmək həyacanı yaşayırdıq. Çoxları ilk dəfə parta arxasında əyləşəndən sonra ağlamağa başladı. Çünki ilk dəfə idi ki, valideylərsiz, bacı-qardaşlarsız bir mühitə düşmüşdülər, necə deyərlər, tək qalmışdılar. Amma mənim gözlərimdən bir damla belə yaş düşmədi. Sinif rəhbərimiz Elnarə müəllim ilə ilk tanışlığımızdan ona qarşı xüsusi bir rəğbət hissim yaratdı. O, həm çox gözəl, həm savadlı, həm də canayaxın idi. Sinifdə çox uşaq olmasına baxmayaraq, hamı ilə ünsiyyətdə olmağı bacarır, hamıya öz diqqətini göstərirdi. Anamla atamın dərs sonrası məni götürmələrini gözləmək üçün məktəbin işində, önündə yox, məhz sinifdə, müəlliməmin yanında qalırdım. Həmin müddətdə Elnarə müəllimə az da olsa kömək edər, haradansa nəyisə gətirmək, hansısa uşağa misalda köməklik göstərmək, təravətli sinif otağımızı səliqəyə salmaq kimi kiçik işlər edərdim. Onunla birlikdə çox vaxt keçironu irdik və gündən-günə daha çox sevirdim. Yaxşı ki, ibtidai sinfi bitirib 5-ci sinfə keçəndə məktəbimiz məni Elnarə müəllim kimi daha bir mehriban və səmimi müəlliməylə qarşılaşdırdı. Bu, Leyla müəllim idi! Artıq böyümüşdük, uşaqlıq şıltaqlıqlarımızı geridə qoyub əsas təhsil həyatına qədəm qoyurduq. Məktəbdə çoxlu dostlarım var idi. Onlarla vaxt keçirib, söhbət edib, oyunlar oynayıb, arada müəllimlərimizdən danlaq da eşidib günü günə qatırdıq. Leyla müəllim sinifdə davamlı olaraq yarışmalar keçirdirdi. Bu yarışmalarda gözəl nəticələr göstərənləri isə əyləncəli mükafatlar gözləyirdi. Ona görə də, sinfimizdə əksər uşaqların bilik və bacarıqları ən üst səviyyədə idi. Xüsusi olaraq daha bir müəlliməmin adını vurğulamaq istərdim. Biologiya müəllimimiz Xoşqədəm müəllim. Düzünə qalsa, hamı ondan çox qorxurdu (bir az ciddi idi). Desəm ki, mən qorxmurdum onda yalan olardı, amma qorxduğum qədər də həsəd aparardım. Bizə ilk dəfə 8-ci sinifdə dərs keçməyə başladı. Öz dərin təcrübəsindən faydalanaraq 45 dəqiqəlik qısa bir müddətdə dərsin bütün incəliklərini danışır və mövzunu hamımıza mənimsədirdi. Mənim tibbə olan marağım Xoşqədəm müəllimə münasibətimdən, həm də onun dərsini bizə sevdirməsindən yarandı. Xoşqədəm müəllim bizə o qədər gözəl dərs danışırdı ki, hansı dərsi oxumasam da, biologiya dərsinə həmişə hazır gedərdim. Bir halda ki, ən sevdiyim dərsdən danışdım, onda gərək ən sevmədiyimdən də danışım: riyaziyyat. Məktəbdə bir çox müəllim mənə riyaziyyat dərsini desə də, heç bir zaman bu fənni sevmədim, hətta bir ara ərizə yazıb bu dərsdən imtina etmək də istəyirdim. Amma əsas nəticədir. Həm məktəbdə, həm də Dövlət İmtahan Komissiyasının keçirdiyi buraxılış imtahanlarında bu fənndən yüksək bal topladım.
Məktəb vaxtı dərslərim yaxşı idi, ona görə də məni tez-tez müsabiqələrə göndərərdilər. Hamısından da müvəffəqiyyətlə qayıdardım. Bir dəfə alman dili müəllimim Afət xanım “Göygöldə almanların məskunlaşmasının 200 illiyinə həsr olunmuş tədbir” barəsində söz açdı. Sinifdə almanca ən yaxşı bilənlərdən olduğumdan, Afət müəllimin istəyi, valideynlərimin razılığı ilə Göygöldə olan tədbirdə iştirak etdim. İki günlük Göygöl səfərindən sonra isə orada hazırladığımız layihə təqdimatlarını Bakıda Hacı Zeynalabdin Tağıyevin ev muzeyində təqdim edərək sertifikatlara layiq görüldük.
Məktəb müddətində bir çox layihələrdə iştirak etsəm də, ən maraqlı olanlardan biri də OCEP layihəsi idi. Tədbirin tərtibat mövzusuna uyğun olaraq Bakı məktəblərindən hər biri OCEP-də iştirak edən ölkələri təmsil etməli və hər məktəb öz öhdəsinə düşən ölkənin milli rəqsləri, yeməkləri, adət-ənənələri haqqında stend hazırlayıb Atletlər kəndində təqdim etməli idi. Təbii ki, bizim məktəbimiz də Bakının ən öndə gedən məktəblərindən biri olaraq OCEP-də iştirak etdi və Rusiyanı təmsil etdik. Həmin tədbirdə “Ən fəal məktəb” fəxri adına layiq görüldük və məktəbimizi uğurla təmsil etməyimizdə fiziki tərbiyə müəllimimiz Rəqsanə xanımın böyük rolu oldu.
Daha sonra araya çətin pandemiya günləri daxil oldu. 2 ilə yaxın onlayn dərslərdə iştirak etdik. Bu, bir çox fəal uşaqların passivləşməsinə, dərsə olan maraqlarının itməsinə səbəb oldu. Bu çətin günlərdə, təxminən 10-cu sinifin ortalarında ən sevimli müəllimim Xoşqədəm xanımın bir zəngi həyatımı dəyişdi. Bu, “Sabahın alimləri XI Respublika Müsabiqəsi” ilə bağlı idi. Müəllimim israrla həmin müsabiqədə iştirak etməyimi istəyirdi. Uzun araşdırmalar və axtarışların sonunda tibb və sağlamlıq nominasiyası üzrə müsabiqəyə qatılmağımla nəticələnid. Bu nominasiya ilə bağlı layihəni AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi və dəyərli rəhbərim, dosent Pərvanə xanım Şükürova təklif etdi. “Zəfəran bitkisinin reproduktiv sağlamlığa təsiri” mövzusunda olan layihə müddətində, hər eksperimentdə yeni bir şey öyrənə-öyrənə müsabiqənin keçirildiyi vaxta çatdıq. Layihəm qəbul olunmuş, müsabiqədə iştirak hüququ qazanmışdım. Yarışmada daha 8 nominasiya var idi və hər biri üzrə yalnız bir nəfər birinci yer üzrə qalib ola bilrədi. Və mən bunu bacardım , “Sabahın alimləri XI Respublika Müsabiqəsi”-nin Tibb və sağlamlıq nominasiyası üzrə Respublika birinciliyi qazandım. Digər nominasiyaların da qalibləri açıqlandıqdan sonra qarşımızda yeni hədəflər açıqlandı. ABŞ, Atlanta şəhəri və İSEF-də (Beynəlxalq Elm və Mühəndislik Sərgisi) iştirak. Beləliklə 7 layihə və onu yaradan 12 şagird, həmiçinin bizə müşayiət edən Samir Orucov və Gülayə müəllimin iştirakı ilə 7-13 may tarixləriondə Amerikanın Corciya ştatının Atlanta şəhərində keçirilən qeyd etdiyim sərgiyə yollandıq. 25 saatlıq uzun yoldan sonra komandamız çalışmalara başladı və Azərbaycanımızı müvəffəqiyyətlə təmsil edərəkoradan medal və sertifikatlarla qayıtdıq. Bu son uğurumda mənə dəstək olan, yol göstərən insanlar çpx oldu və xüsusi olaraq məktəb direktorumuz Esmira xanım Quliyevanın adını qeyd etmək istəyirəm. O, gözəl idarəçi, peşəkar rəhbər, bacarıqlı müəllim kimi bütün çətin, uğurlu anlarımızda olduğu kimi, bu çətin günlərdə də mənə dəstək oldu, diqqətini, qayğısını əsirgəmədi. Bu, təkcə mənə münasibət deyildi bu, mənim simamda ökəmin uğurlarına, təhsilimizə, məktəbimizə olan münasibət idi!
Bu gün “Son zəng” günüdür. Çətin, amma maraqlı məktəb həyatımın son günüdür. Məni və yaşıdlarımı bundan sonra daha çətin günlər gözləyir. Artıq həyatımızda qayğımıza qalan, bilik verən, yol göstərən, dəstəkləyən müəllimlərimiz, məktəbimiz olmayacaq. Amma tam əminliklə deyə bilərəm ki, həyatımıza işıq olan məktəbimizdən, müəllimlərimizdən öyrəndiklərimiz sayəsində bizi daha böyük uğurlar gözləyir. Başda direktorumuz olmaqla, bütün müəllimlərimə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə ən dəyərli müəlliməm olan anama düşür. O, mənim dövlətimə layiqli bir vətəndaş olaraq yetişməyimdə böyük əmək sərf edir, hər zaman yanımda olur və daim yanımda olmasını arzu etdiyimi bilməsini istəyirəm! Əlvida, əziz məktəbim, çox sağ olun, əziz müəllimlərim!
Nilgün Məmmədli,
Bakı şəhəri N.Nərimanov rayonu Məktəb Lisey Kompleksinin 11-ci sinif şagirdi