"Hansı məktəb direktorunu araşdırsan, bir neçə bahalı avtomobili, villası ortaya çıxacaq" - Keçmiş nazir

 18:00 15.06.2022     3934

"Normal bir cəmiyyət formalaşdırmağın ana yolu təhsildən keçir! O səbəbdən, bu yoldakı yanlışlıqlar cəmiyyəti bütövlükdə uçruma apara biləcək qədər təhlükəlidir".

Redaktor.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov özünün feysbuk hesabında yazıb.

"Mən müəllim ailəsində böyümüşəm, vəmək fəaliyyətimin tən yarısı Azərbaycan və Rusiya ali məktəblərində müəllimliklə bağlıdır. Bu səbəbdən təhsildə olan saysız-hesabsız problemlərdən yetərincə məlumatlıyam. Bu statusumda o problemlər barəsində Sizlərin fikirlərini almaq olduqca önəmlidir. Orta təhsil məktəblərdən çıxarılaraq, müəllimlərin evlərinə göndərildiyi vaxtdan bu günə qədər, təhsil sistemi irəliyə deyil, geriyə gedir. Təhsilimizdə uğurlu islahatlardan danışanlara bircə sual yetərlidir: – bir anlıq təsəvvür edirsinizmi repetitor yanına getməyən bir şagird, orta məktəbdə aldığı təhsillə, yüksək bal toplayaraq, ali məktəbə daxil olur? İndi bu mümkün deyil və bu mümkünsüzlük təhsil sistemində qara yara kimi kök salmış bir çox neqativlərin nəticəsində baş verir. Bu gün açıq bazar prinsipi ilə işləyən məktəb direktorlarının demək olar ki, hamısı oliqarxa çevriliblər (təbi ki, onları nazir və bu ranqda olan iri məmur oliqarxlarla müqaisə etmirik, bəlkə də onlara müqaisədə məktəb direktorlarına mini oliqarxlar deməliyik). Hansı məktəb direktorunu bir qədər araşdırsan, onun ən azından bir neçə bahalı avtomobili, bir neçə villası, biznes obyektləri və s. ortaya çıxacaqdır. Dediklərimin həqiqət olub olmadığını məktəblərdə 300-400 manat ətrafında əmək haqqı alan müəllimlərdən soruşun, onlar direktorun məktəbdəki gəlir mənbələrini və onun varidatının siyahısını bir dəqiqə ərzində sizə ərz edəcəklər. Ancaq bunu gizlincə edin, əks halda oliqarx direktor sorğu etdiyiniz müəllimi həmən işdən çıxarar.

Məktəb direktorunun (təhsil müəssisəsinin başçısının) oğru və rüşvətxor olduğunu görən orta məktəb şagirdi, gələcəkdə mütləq onun yolunu seçəcək. Çünkü o, belə həyat tərzinin normal olduğu bir cəmiyyətdə yaşayır!", - deyə iqtisadçı alim bildirib.

T.İSMAYIL