"Bu primitiv savad sahiblərini vəzifədən uzaqlaşdırmağa, onları ora təyin edəndə iradə ola bilməz!"

 12:01 19.07.2022     8340

Uzun illər mərkəzləşmiş müsabiqələrin test imtahanı mərhələsinin suallaırndakı səhvlər, imtahan seanslarındakı sualların çətinlik səviyyələrinin fərqliliyi və imtahan suallarının əvvəlcədən müdavimlərə dolayısı yolla ötürülməsi halları mövcud olub. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı müxtəlif vaxtlarda imtahanlarda istifadə edilən suallar arasında kəskin çətinlik fərqi sonda onun əsasında ədalətsiz dərs bölgüsü formasında özünü göstərdi. Sonrakı illərdə müəllimlərin işə qəbul müsabiqəsində səhv tərtib edilən 100-dən artıq sualın 30-a yaxınının rəsmən etiraf edilməsi halı yalnız müsabiqə iştirakçılarının kəskin etirazı nəticəsində mümkün olmuşdu. Keçən illərdə imtahan seansları arasında sualların çətinlik səviyyəsinin pik həddə yüksəlməsi və imtahan iştirakçılarının az qala üsyan etməsindən sonra yalnız bir halda nazirlik bunu etiraf etməyə özündə cürət tapa bilmişdi. Lakin uzun illər imtahan suallarının onu tərtib edənlər səviyyəsində təlimçilərə və kurslara bu və ya digər formada ötürülməsi onların səs yazısı ilə təsdiq edilsə də, nazirlik bu hala münasibət bildirmədi. Çünki bu halda imtahan verənlərin hansı sosial qrupuna bu halın təsiri məlum olmadığı üçün, onlar buna kütləvi etiraz bildirə bilmədilər və nazirlik də buna göz yummağı daha üstün tutdu. Nəhayət bu il, bir fənn üzrə keçirilən test imtahanı mərhələsində 3 sualın özəl kursların birinin əvvəlcədən videoformatda ictimailəşdirməsi faktı qarşısında rəsmilər məcbur olub imtahana suallarının ötürülməsini etiraf etdilər.

Təhsil Nazirliyi 2020-ci ildə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram tərtib edib ictimailəşdirdi. Bu proqram əvvəllər nəşr edilən vəsaitlərin mövusundan tamam uzaq olduğu və bu mövzuların bəzisinə aid ümumiyyətlə material tapmaq mümkün olmadığı üçün müəllim olmaq istəyənlər çətinlik qarşısında qaldılar. Lakin qısa müddət sonra "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” adlanan özəl kursun rəhbəri olan təlimçi İlkin Həsənov və “Maksimum Tədris Mərkəzi” adlanan digər kursun təlimçisi Aynur Rüstəmovanın həmmüəllifliyi ilə müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı yeni proqramı tam əhatə edən bir vəsait işıq üzü gördü. Müəllimlərin İşə Qəbul müsabiqəsinə az vaxt qaldığı üçün bu kitab sürətlə yayıldı və baha qiymətə də satıldı. Bu vəsaitin elmi redaktoru Təhsil İnstitutunun o vaxt Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi adlanan qurumunun direktoru Nəzakət Mehdiyeva və o vaxtlar Təhsil İnstitunun Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri olan Elxan Nəcəfov idi. İndi siz təsəvvür edin, Təhsil nazirinin əmri ilə MİQ müsabiqəsinin test imtahanı mərhələsinin imtahan suallarını hazırlamalı olan nazirlik strukturunun rəhbər şəxsləri həm də imtahana hazırlaşmaq üçün hansısa özəl kursa aid vəsaitin elmi redkatorlarıdırlar. Məhz bu amil MİQ müsabiqəsinə hazırlaşan müdavimlərdə sualların həmin vəsaitdən düşməsi ehtimalına görə onu almağa meyl yaratdı. Bu kitabın qısa müddətə nəşri sübut etdi ki, müəlliflər əvvəlcədən vəsaiti hazırlamışlar və MDPİM rəhbərliyi də MİQ müsabiqəsi proqramını da məzh o vəsaitin əlyazması üzərindən hazırlamışdır. Məhz ona görə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram rəsmən ictimailəşdiriləndən qısa müddət sonra güya bunun əsasında sözü gedən vəsait hazırlanıb nəşr edildi. Maraqlı cəhət həm də odur ki, Təhsil Nazirliyinin karantin dövründəki onlayn resurslarından məhz bu kitabın həmmüəllifləri müəllimlərə pulsuz təlim keçmək adı altında öz kommersiya maraqlarına xidmət etmiş oldular. Müdavimlərin zənni onları aldatmadı. Məhz MİQ müsabiqəsinin test imtahanı mərhələsində bütün suallar bu vəsait əsasında hazırlanmışdı. TAİM kursunun təlimçiləri tərəfindən müdavimlərə keçiriləcək müsabiqədə sualların məhz İlkin Həsənov və Aynur Rüstəmovanın müəllifi olduğu kitabdan düşməsini əks etdirən səs yazıları sosial şəbəkədə yayılmağa başladı. Bu amil isə müdavimlərin məhz TAİM kurslarına cəlb edilməsinə və məhz bu kursun nəşr etdiyi kitabı almasını şərtləndirdi. Sonradan o da məlum oldu ki, İlkin Həsənov həm də MİQ sualllarının hazırlanması komissiyasının ekspertidir. Daha sonra isə İlkin Həsənov BakıŞəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktor təyin edildi. İlkin Həsənov bu il bu komissiyadan uzaqlaşdırılıb. Lakin onların MİQ müdavimləri üçün hazırladıqları kitabın digər müəllifi Aynur Rüstəmova  bu il Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd etdiyim həmmüəlliflərin hər ikisi MİQ suallarının hazırlanmasına cavabdeh Təhsil Nazirliyi strukturunda vəzifə tutmaqla indi də əvvəllər rəhbəri olduğu kursda şəxsən təlimçi kimi fəaliyyət göstərirlər. Həmmüəllifləri olduğu vəsait də müəllif göstərilmədən – kursun adı ilə bu il də təkrar nəşr edilib.

Məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsi çərçivəsində bundan əvvəlki test imtahanından az qala 2 il vaxt keçir, hələ də test mərhələsində uğur qazananların müsahibə mərhələsi keçirilməyib. Hələ də ölkə məktəblərinin 10 faizindən çoxunda direktor çatışmır və çalışmanın yaş həddinə çatan heç bir direktor da işdən azad edilməyib. DİQ müsabiqəsi artıq ilk illərdən fərqli olaraq keçid balının konkret təyin edilməməsi qaydasına görə aşağı bal toplayan namizədlər son mərhələdə yüksək bal toplayan namizədlərdən daha çox uğur qazana bilirlər. Adi bir qəzet əməkdaşlığından şagird qiymətləndirmə proqramlarının həyata keçirilməsi, müəllimlərin peşəkarlığının artırılması layihələri üzərindən Təhsil İnstitutunda biznes yolu keçib ADPU kimi ali məktəbə strateji inkişaf məsələləri üzrə prorektor təyin edilən Könül Pirverdiyeva köhnəşakərindən əl çəkməyib hazırda gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi" proqramı həyata keçirdir. Məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsi mövcud ola-ola, görəsən Təhsil Nazirliyi niyə keçmiş əməkdaşına qrant ayırıb bu kimi mənasız layihələri həyata keçirdir? Bu barədə sonrakı araçşdırmalarımızda ətraflı məlumat verəcəyik.

Məhz DQ, MİQ və DİQ timsalında müəllimlər sertifikatlaşdırma çərçivəsində onun nəinki test, heç müsahibə mərhələsinin obyektivliyinə inanmırlar. Çünki onlar əmindirlər ki, sertifikatlaşdırma da MİQ və DİQ kimi kurs rəhbərlərinin və təlimçilərin komerrisya maraqlarına xidmət edəcək və onların qeyri-peşəkarlığı fonunda ədalətsiz keçiriləcək. Təhsil Nazirliyi və Təhsil İnstitutu strukturunda MİQ, DİQ və sertifikatlaşma imtahanlarını keçirtməyə cavabdeh məmurların bu cür dələduzluqları onların sualları düzgün tərtib etməsini və məxfi saxlanmasını imkansız edir. Bunun çıxış yolu bu qurumlarda vəzifə tutan kurs rəhbərləri və təlimçilərin vəzifələrindən uzaqlaşdırılmasıdır. Tanışlıq və dostluq zəmnində bu vəzifəyə gələn bu primitiv savad sahiblərini isə vəzifədən uzaqlaşdırmağa onları ora təyin edəndə iradə ola bilməz!

Kamran Əsədov,

təhsil eksperti