"O məktəbin direktoru mütləq cəzalandırılmalıdır" - Millət vəkili

 14:16 19.07.2022     1088

“Məktəblərdə qayda-qanunlar çox pozulur. Bu gün əgər deyiriksə ki, məktəblər icra hakimiyyətlərinin təsirindən çıxıb, elə deyil. Bu hadisə onu göstərir ki, məktəblər hələ də icra hakimiyyətlərinin təsirindən çıxmayıb”.

Bunu Lənkəranda şagirdin döyülməsi hadisəsindən sonra məktəb direktoru ilə bağlı hələ də heç bir tədbir görülməməsi barədə Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin bu sahəyə baxan nazir müavinləri demək olar ki, heç bir yerdə görsənmirlər, heç bir təsiretmə gücləri yoxdur. Buna görə də, icra hakimiyyətləri və müavinləri hələ də məktəblərdə öz təsirlərini saxlayırlar.

“Təsadüf deyil ki, həbs olunan icra başçılarının videolarında görünür ki, məktəb direktorları və rayon təhsil şöbəsi icra hakimiyyətlərinə haqq verirlər, pul verirlər. Bu o deməkdir ki, onların üzərində həm maddi baxımdan, həm də qorxu baxımından icra hakimiyyətləri öz nüfuzlarını qoruyurlar”, - deyə deputat bildirib.

Etibar Əliyev həmçinin qeyd edib ki, məktəbin direktoru mütləq cəzalandırılmalıdır:

“Məktəb direktoru vəzifəsindən azad olunmalıdır. Çünki bu işdən onun xəbəri olub. Bu məsələdə özünü direktora xas olmayan şəxs kimi aparıb. Çox zaman rast gəlirik ki, bir çox hallarda məktəb direktorları və ya rəhbərliyi neqativ hala yol verdikdə qorunur, mühafizə olunurlar. Bu hal aradan qalxmalıdır. Mən birmənalı şəkildə direktorun cəzalanmasının tərəfdarıyam”.

Milli Məclisin deputatı vurğulayıb ki, bugünkü məktəb direktorlarının seçimi qaneedici deyil.

“Məktəb direktorlarının seçimində ciddi nöqsanlara yol verilir. 30 il eyni vəzifədə çalışan məktəb direktorunun yol verdiyi nöqsanlar yeni təyin olunan direktorların yol verdiyi nöqsanlardan fərqlənmir. Məsələn, 164 nömrəli məktəbdə baş verən "Georgi lenti" məsələsi”,- deyə o xatırladıb.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

Dünən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun sərəncamı ilə Rasilə Arifqızı vəzifəsindən azad edilib. Məktəb direktoru Yeganə Əskərova barəsində isə hələlik heç bir qərar verilməyib.

Nərmin Vüqarqızı