"Məktəb direktorları nazirliyə arxayın olmasalar, heç vaxt rüşvətə əl ata bilməz" - Kamran Əsədov

 14:32 21.07.2022     4123

“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib. Misal üçün, Müəllimlərin İşə Qəbul imhanlarında suallar satılıb. Bununla bağlı açıqlama yaydılar ki, sualları müəllim sızdırıb, deməli, əlbirsiniz. 

Bundan başqa birinci siniflərə qəbul prosesində rüşvət artıb. Bakının bəzi məktəbləri var ki, orda birinci sinfə qəbul ərazi prinsipinə əsasən aparılır. Məsələn, 20 nömrəli məktəbə, Əhmədlidə humanitar-təmayüllü liseydə oxumaq istəyənlər  mütləq həmin ərazidə yaşamalıdırlar. Amma mən nazirliyə müraciət edirəm ki, gəlin siyahı təqdim edin, görək həmin şagirdlərin hamısı, həqiqətən də, o ərazidəndirmi?”

Bunu Redaktor.az-a Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin 11-ci sinfi bitirənlərdən attestat üçün pul tələb etməsinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, son iki ildə Azərbaycanın təhsil sistemində rüşvət, korrupsiya, əsassız pul tələbləri, dost-tanışın işə qəbulu adi hala çevrilib.

“Təhsil sahəsində heç bir proses şəffaf deyil. Məsələn, direktor müavinlərinin işə qəbulu həyata keçirilir. Əgər 100 vakant yer varsa, onun 50-ni gözdən kölgə salmaqçün imtahanla götürürlər, digərlərinin ballarını isə açıqlamırlar. Niyə şəffaf etmirlər? Mən yenə də deyirəm, məktəb direktorları nazirliyə arxayın olmasalar, heç vaxt rüşvətə əl ata bilməz.

Bu gün birinci sinif rus bölməsinə gedirsən yer yoxdur, amma kimsə gedir adam tapır uşağını istədiyi sinfə, istədiyi müəllimin yanına qoyur. Hansı yolla?

Bu gün dərs saatlarının satılması, vakant yerlərin gizlədilməsi adi hala çevrilib. Son 2 il ərzində təhsil sistemində təyinat alanların tək məqsədi talamaq, təhsili məhv etməkdir. Qrand layihələrə pul ayrılır. Hara gedir bu pullar? Təhsilin inkişafına? Yalandan dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəmək üçün türk dilində, ingilis dilində kitabları tərcümə edirlər”,- ekspert bildirib.

Daha sonra konkret olaraq 16 nömrəli məktəbin müəlliminin səsyazısına da toxunan K.Əsədov qeyd edib ki, məsələ ilə bağlı rəsmi qurumlardan hələ də lazımi reaksiya verilməyib.

“Məktəbdə müəllimin şagirdlərdən pul yığması ilə bağlı səsyazısı yayılıb, amma rəsmi qurumlar hələ də susur. Lənkəranda məktəb direktorunun yanında şagirdi vəhşicəsinə döyürlər, nazirliyin münasibətinə baxın, “bu cür münasibəti pisləyirik” deməklə kifayətlənirlər. Nəyi pisləyirsiniz? O direktoru təyin edən də, bu kimi nöqsanlara baxmayaraq kreslosunda saxlayan da sizsiniz.

Bu fakt bir daha sübut edir ki, təhsil sistemimiz sağlam deyil, başdan-ayağa rüşvətə bulaşıb. Buna görə də, Təhsil Nazirliyinin bütün sistemi vəzifədən azad edilməlidir”.

Ekspert həmçinin şagirdlərdən tələb olunan “attestat pulu”na da münasibət bildirib:

“Ümumtəhsil dövlət məktəblərində bütün xidmətlər pulsuzdur. Təhsil, dərslik, məktəbin təmiri, bərpası, tikilməsi, attestat və buna bərabər sənədlərin verilməsi havayı həyata keçirilir. Amma Təhsil Nazirliyi direktorlardan tələb edir ki, pul yığın, biz bahalı evlər almaq istəyirik. Bu xidmətlərin pulsuz olduğunu mətbuat bilir, amma nazirlik nə edir? Əyləncə mərkəzlərinə gedirlər, rəqs edirlər, selfi çəkdirirlər. Yenə də deyirəm, heç bir məqsəd üçün məktəbdə pul yığmaq olmaz.

2022-ci ilin dövlət büdcəsinə görə, təhsilə 4 milyard pul ayrılıb. Bu Ermənistan və Gürcüstanın büdcəsindən çoxdur. Bəs bu pullar hara gedir? Gedir bu pulu xərcləyirlər, sonra da gəlib 1,6 milyon şagirdin hər birindən bu və ya digər məqsədlə pul yığırlar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbin müəlliməsi Hacıyeva Nəcibə Murtuz qızının “WhatsApp” vasitəsilə 11-ci sinif şagirdlərinə göndərdiyi attestat haqqı və digər xərcləri tələb edən səsyazısı yayılıb. 

Nərmin Vüqarqızı