ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edildi

 12:23 28.07.2022     1625

“Çin: cəmiyyət və mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov, Çin Xalq Azadlıq Ordusunun yaranmasının 95-ci ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin 104 illiyinə həsr olunmuş tədbirdə “Çin hərbi mədəniyyəti” mövzusunda mühazirə oxuyub.

ADU-dan Redaktor.az-a verilən məlumats görə, R.Abbasov iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin hərbi-siyasi prioritetlərindən danışıb. O, eləcə də Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

R.Abbasov mühazirəsində qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordumuz hal-hazırda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətini daha da artırmış, torpaqlarımız işğaldan azad edilmiş, böyük tarixi Qələbə qazanılmışdır.

O, həmçinin çıxışı zamanı ÇXR-in sədri, ÇKP MK-nın Baş Katibi Si Cinpinin milli müdafiənin və Silahlı Qüvvələrin gücləndirilməsinin zəruriliyini vurğuladığını, Silahlı Qüvvələrin COVID-19 ilə mübarizədə rolunu da yüksək qiymətləndirib.

R. Abbasov Çinin hərbi siyasətinə həsr edilmış “Ağ Kitab” haqqında söz açaraq, “Yeni dövrdə Çinin milli müdafiəsi”nin əsas məzmununu, o cümlədən, beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət, müdafiə siyasəti, Çin ordusunun missiyası və vəzifələri, yeni dövrdə milli müdafiə və ordu sahəsində islahatlar, eləcə də Çin ordusunun bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyətin qurulmasına verdiyi töhfə üzərində də dayanıb.

O, qədim Çin hərbi fikrinə aid traktatlar, qədim və müasir Çinin məşhur hərbi xadimləri, Çinin hərb tarixindəki məşhur döyüşlər barədə də tədbir iştirakçılarını qısa məlumatlandırıb.

R.Abbasov 1937-1949-cu illər müharibə dövründə Çin musiqili teatrının tamaşalarından - “Van Çjaocun”, “Yantszı üzərində sırğa”, “Si Şi”, “Ordu və xalqın marşı” tamaşalarından söz açaraq,  Çin dramaturgiyasının əsas məqamlarının müharibə motivləri, döyüşə çağırış və qələbə mövzusu olan milli operalar olan "Süzi" və "Mulan haqqında poema"larından bəhs edib.