“Rəhbər elmdən başı çıxan şəxs olmalıdır” - Misir Mərdanov

 16:07 29.07.2022     1082

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırıldı. Fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının bəzi qurumları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

Redaktor.az xəbər verir ki, yeni nazirlik haqqında modern.az-a danışan sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov gözləntilərini dilə gətirib. Keçmiş nazir hesab edir ki, yeni nazirlik alimlərə elm və tədqiqatlarla məşğul olmaq üçün lazımi şərait yaratmalıdır.

“Fərmanın necə icra olunacağını da proqnozlaşdırmaq çətindir. Arzum budur ki, millətimiz, dövlətimiz üçün xeyirli olsun. İstərdim ki, alimə elm və tədqiqatlarla məşğul olmaq üçün şərait yaradılsın. Bu olsa, hər şey etmək mümkündür. Alimlərə qiymət verilməlidir ki, elm və tədqiqat işlərini davam etdirsinlər.

Nazirliyin tərkibində iki agentlik yaradıldı. Biri elmlə bağlı, digəri isə məktəbəqədər və orta təhsillə bağlıdır. Hər halda elmlə bağlı agentliyə elmdən başı çıxan, müəyyən səviyyəyə çatmış şəxsin rəhbərlik etməsi daha məqsədəuyğundur.

Mənim gözləntim odur ki, bu dəyişiklik elmin inkişafına müsbət təsirini göstərsin”, - deyə Misir Mərdanov vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən