Deputat Elm və Təhsil Nazirliyinin yaradılmasında əsas məqsədi AÇIQLADI

Ötən gün Prezident İlham Əliyev Təhsil Nazirliyinin adının dəyişdirilib Elm və Təhsil Nazirliyi adlandırılması barədə fərman imzalayıb. Nazirliyin yanında iki yeni agentlik - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər, Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi elmi müəssisə və təşkilatları qurumun tabeliyinə verilib.
Təhsil sahəsindəki bu yeniliklə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, fərmanının imzalanmasında əsas məqsəd elm və təhsil arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda bu sahədə dövlət siyasətinin təkmiləşdirilməsidir:
“Dünyanın əksər ölkələrində görürük ki, bu kimi strukturlar mövcuddur. Bu qurum Azərbaycanda əvvəl yalnız Təhsil Nazirliyi adlanırdı və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi Təhsil Nazirliyinin səlahiyyətinə aid deyildi. Ümumi prosesə, dünyaya baxanda görürük ki, universitetlər əslində ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu baxımdan hesab edirəm ki, nazirliyin adının dəyişdirilməsi və ona yeni səlahiyyətlərin verilməsi mühüm məsələdir və cənab Prezidentin növbəti uzaqgörən addımının nəticəsidir”.
Elm və Təhsil Nazirliyində elm siyasətinin həyata keçiriləcəyini vurğulayan deputat əlavə etdi ki, bu, elm sahəsində siyasətin vahid mərkəzdən koordinasiya olunmasına, daha dəqiq həyata keçirilməsinə töhvəsini verəcək.
C.Məmmədov həmçinin qeyd etdi ki, AMEA-nın fəaliyyətini davam etdirməsi təqdirəlayiq haldır:
“AMEA-da fəaliyyət göstərən bəzi texniki elmi müəssisə və təşkilatlar Elm və Təhsil Nazirliyinə verilib, humanitar təşkilatlar isə AMEA-nın nəzdində qalıb. Hər iki qurum qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib.
Bir müddət öncə AMEA-nın fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi tənqidlər səsləndirilirdi. Hesab edirəm ki, bu qərarın qəbulundan sonra biz bu sahədə daha mükəmməl siyasətin həyata keçirildiyini görəcəyik”.
Nərmin Vüqarqızı