“Uşaqların istirahət və dərs müddəti doğru planlanmalıdır” – Psixoloq

 18:03 29.07.2022     721

“Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar kifayətdir. Uşaq çox dincələrsə böyüyəndə ciddi problemləri ola bilər”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. 

Maraqlıdır, uşaqların çox istirahət etməsi onlarda hansı problemləri yarada bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nuranə İsgəndərova bildirdi ki, nazirin verdiyi açıqlama yanlış anlaşılmış ola bilər.

“Doğru qurulmayan, planlanmayan, düzgün təşkil edilməyən istirahət, eyni zamanda doğru təşkil olunmayan təlim də heç zaman effektiv olmur. Ona görə də, hər şeyi doğru planlamaq vacibdir. Nazirimiz də böyük ehtimal ilə istirahətin çox uzun olmasını, tətildən gəldikdən sonra uşaqların təlimə adaptasiya olmasında sıxıntıların yaranmasını nəzərdə tutub. Uzun müddət ara verən uşaqlar təlimə yenidən başlayanda bir müddət çətinlik çəkirlər”,- psixoloq dedi.

N.İsgəndərova həmçinin onu da əlavə etdi ki, tətilin az olması da uşaqlarda bəzi problemlər yaradır:

“İstirahət etməyən və təlimə fasilə verməyən uşaqlarda da diqqət dağınıqlığı, aqressivlik müşahidə edilir. Bu səbəbdən uşaqların istirahəti və təlim müddəti doğru planlanmalıdır”.

Nərmin Vüqarqızı