“Qocaman alimlərlə gənc nazirin birgə fəaliyyətində problem yaranacaq” - Şahlar Əsgərov

 14:09 30.07.2022     2730

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki bir sıra elmi müəssisələr yeni yaradılan Elm və Təhsil Nazirliyinin balansına verildi.

Məlum olduğu kimi, həmin qurumlarda qocaman və tanınmış elm xadimləri fəaliyyət göstərir.

Maraqlıdır, gənc nazir Emin Əmrullayev qocaman alimlərlə necə işləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, yeni vəzifəyə təyinat alanların qoca, cavan, kişi, qadın olması vacib deyil.

“Vacib olan budur ki, vəzifəni icra edən zaman o, düzgün qərarlar qəbul etsin. Əgər qərarlar düzgün qəbul edilirsə, onda yaş faktoruna baxmağa ehtiyac yoxdur. Təbii ki, qocaman alimlərlə cavan nazirin bir yerdə işləməsinin müəyyən problemi var. Hesab edirəm ki, gələcəkdə də problemlər yaşanacaq. Lakin bir problem olsa belə, ölkə başçısı bununla bağlı qərar verəcək”,- professor dedi.

Yenilikləri yüksək qiymətləndirən Ş.Əsgərov qeyd etdi ki, Prezidentin müvafiq fərmanı ilə Azərbaycan təhsili köhnə quruluşdan yeni quruluşa keçid etdi:

“Çox təəssüf ki, AMEA 30 il öncəki qaydalarla idarə edilirdi və bu da yeni liberal-demokratik quruluşa uyğun olmadı. Yəni nə liberallığa, nə də demokratiyaya riayət olunmadı. Buna görə də, akademiyaya gənclər getmədi və akademiklər "qocaldı". Əslində elm, akademiya qocalmamalıdır, orada qohum-əqraba yox, istedadlı gənclər işləməlidir: İstedadlı gənclər akademiyaya cəlb olunsa, aydındır ki, onların etdiyini qocamanlar edə bilməz. Elmi müəssisə düzgün kadr seçə bilsə, istedadlı gənclik elmi inkişaf etdirəcək.”

Nərmin Vüqarqızı