"Bu məntiqlə necə MİQ sertifikatlaşmaya bərabər tutula bilər?" - Ekspertdən sərt sözlər

MİQ və sertifikatlaşma paradoksu!?
Menecerlər son ildə MİQ və sertifikasiya qaydalarını bir-birinə güya uyğunlaşdırdılar. Yəni, bu iki proses zamanı imtahan tapşırıqların mövzusu, sayı və müddəti eyniləşdirildi. Məqsəd MİQ-dən keçənlərin sertifikatlaşmadan keçmiş hesab olunması idi. Lakin bu il nazirlikdən kimsə fikirləşdi ki, bəs bəzi fənlər üzrə ucqar məktəblərdə kadr təminatında problem olacaq və MİQ üzrə keçid balını 40 nəzərdə tutan bir göstəriş verdi. Lakin sertifikatlaşdırmada keçid balı 50 nəzərdə tutulub. İndi siz deyin, bu məntiqlə necə MİQ sertifikatlaşmaya bərabər tutula bilər?
Təsəvvür edin ki, hansısa ucqar kənddə müəllim işləyən Xanımqız iki cəhddə 44 və 48 bal toplayaraq setifikatlaşmadan keçməyib məktəbdən xaric edildi. Onun yerinə MİQ-də 42 bal toplayan Qızxanım müəllim təyin edildi. Bəs məktəbin direktoru Balakişi müəllim soruşsa ki, niyə 48 bal toplayan qızım Xanımqızı məktəbdən xaric edib yerinə ondan az bal toplayan müavinim Kişibalanın qızı Qızxanım müəllimi təyin etmisiz? O zaman siz deyəcəksiniz ki, bəs MİQ imtahanı sertifikatlaşma imtahanından daha çətin olduğu üçün Xanımqızın 50 balı elə Qızxanımın 40 balına bərabərdir? Bəs o zaman məktəbin direktoru Balakişi müəllim bu zaman MİQ və sertifikatlaşdırma imtahanından toplanan ballara uyğun dərs bölgüsü prosesində bilirsiniz nə edəcək? Götürüb MİQ ilə məktəbə 80 bal ilə gələn gəlini Aygünə, sertifikatlaşmadan 80 bal toplayan müavini Kişibala müəllimin gəlini Günaydan daha artıq dərs verəcək. Çünki nazirliyin məntiqi ilə sertifikatlaşma imtahanı daha rahat olduğu üçün eyni bal toplamış Aygün Günaydan daha bilikli və daha bacarıqlıdır...
Deyəndə ki, bunlar nəinki praktikada imtahan təşkil etməyə, heç kağız üzərində onun qaydalarını müəyyən etməyə bilik və bacarığa malik deyillər, bəziləri məni qınayır...
Kamran Əsədov,
təhsil eksperti