Direktor olmaq istəyənlər müsahibədə iştirak etdi

 11:50 08.08.2022     6383

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

İdarədən Redaktor.az-a verilən məlumat görə, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər müsahibəyə dəvət olunub.

Müsahibədə ümumilikdə 22 nəfər iştirak edib.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.