"Mikayıl Cabbarov nazir olanda sadə müəllimlər oliqarxların yerinə direktor vəzifəsinə təyinat alırdılar"

 15:41 12.08.2022     5189

"Mikayıl Cababrov nazir təyin edilməsi ilə ölkə başçısı tərəfindən təhsilimizdə aparılan uğurlu islahatlar digər sahələrə də sirayət etdi. Təhsil sistemində bir şəffaflıq və demokratiya yarandı. Nazirlik rəsmiləri sosial şəbəkələrdə görünməyə başladılar. Onlar ictimai nəzarət mexanizmi yaradaraq təhsil işçilərinə problemləri üzə çıxartmağı təklif etdilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

"Onlar açıq elan edirdilər ki, problemlərin gizlədilməsi onları həlledilməz edir, lakin onların ortaya qoyulması məmurları onların həllinə motivasiya edir. Nazirliyin informasiya resurslarında belə onların əməkdaşlarını tənqid etmək mümkün idi. Hətta nazirliyin rəsmi orqanı “Azərbaycan müəllimi” qəzeti onun rəhbər şəxslərini öz səhifələrində tənqid edirdi. Onlar heç bir qaranlıq keçmişlərinin olmamasına, fəaliyyətlərində qanunsuzluqlara yol vermədiklərinə görə açıq tənqidlərdən çəkinmədiklərini bildiridilər. O zaman hakimiyyətin daxilində olan və sonradan ifşa edilən bir sıra iri çaplı məmurlar ölkə təhsilində baş verən islahatlardan narahat olub trolları vasitəsi ilə onalra informasiya hücumu təşkil etdilər. O zaman müəllim ordusu səfərbər olub bu hücumun qarşısını qətiyyətlə aldılar. Tarixdə ilk dəfə təhsildəki müəllim və məmur ordusu arasında körpü və təhsil işçilərində sosial məmnunluq yaradıldı.

Yüksək təhsilli, sosial lift ilə vəzifələrə yüksələn, komanda maraqları ilə birgə fəaliyyət göstərən bu məmurların bir çoxları xarizmatik şəxsiyyətlər idilər. Onların islahatları nəticəsində heç bir vəzifəli məmur qohumu və maddi əsası olmayan sadə müəllimlər oliqarxların yerinə direktor vəzifəsinə təyinat alırdılar. Komandada Mətin Eynullayev və Elnur Əliyev kimi güclü şəxsiyyətlər var idi. Murad Camalzadə, Elvin Məmmədov, Rəşad Tağıyev, Raman Məmmədov və Teymur Əhmədov kimi məmurları indi də təhsil işçiləri hörmətlə xatırlayırlar. Bir çox məmurlar nazirliyin imici kimi onları bilik və bacarıqlarında, şəxsiyyət və mövqelərində təmsil edirdilər. Sonradan bu insanları bu və ya digər şəkildə küsdürüb təhsil sistemindən uzaqlaşdırmağa nail oldular. Artıq ölkənin təhsil sistemi islahat ilğımı ilə əvvəlki uçuruma yuvarlanır. Təhsil sistemimiznin əvvəlki islahat xəttinə qayıtmaq illərini artıq nastalji ilə xatırlayırıq....", - deyə ekspert qeyd edib.

T.İSMAYIL