"Emin Əmrullayev gah deyir məktəbli forması vacib deyil, gah deyir vacibdir..." – Şahlar Əsgərov

 18:23 12.08.2022     1246

Elm və Təhsil Nazirliyi orta məktəblərdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin məcburi olduğunu elan edib. Həmçinin, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formaları məcburi olacaq.

Halbuki, az müddət əvvəl media nümayəndələri üçün təşkil olunan brifinqdə sualımızı cavablandıran elm və təhsil naziri Emin Əmrullayev demişdi ki, məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı məcburi tələb yoxdur.

Yeni tədris ilinin başlanmasına az qaldığı bir vaxtda məktəbli formasının məcburi olması barədə verilən ictimaiyyətdə və valideynlər arasında çaşqınlıq yaradıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, forma məzmun deyil, amma məzmuna uyğun olanda çox gözəl olur.

“Önəmli olan təhsilin məzmunudur. Təhsildə bilik səviyyəsini yüksəltmək olduqca vacibdir. Forma bu işdə cüzi rol oynayır. Əgər forma təhsil səviyyəsini yüksəltməyə kömək olursa, forma tətbiqi məsləhətdir. Amma gördüyünüz ki, Emin Əmrullayev gah deyir məktəbli forması vacib deyil, gah deyir vacibdir... Çox əhəmiyyətli olsa idi, nazir fərqli fikirlər səsləndirməzdi”, - ekspert dedi.

Həmçinin Ş. Əsgərov qeyd etdi ki, vahid forma şagirdlər arasında məsuliyyət yaradır.

“Onlar məktəbli olduqlarının fərqində olurlar. Bu məktəbə getməyənlər arasında stimuldur ki, mən də məktəbə gedim. Bu baxımdan hesab edirəm ki, məktəbli formaları istifadə edilsə, daha yaxşı olar. Amma razıyam ki, forma olsa da olar, olmasa da. Bu heç bir halda məcburi olmamalıdır”,- professor qeyd etdi.

Professor söhbətimiz zamanı məktəbli geyimlərinin rəng müxtəlifliyindən də danışdı: “Məktəbli forması ondan ötəridir ki, tək bir rəng olsun. Rənglər çoxaldıqca şagirdlər müxtəlif paltarlarda dərsə gələcək. Buna görə də, bu rəng məsələsində bir məna tapa bilmirəm. Bu barədə mütəxəssislər daha yaxşı bilər”. 

Nərmin Vüqarqızı

2
Vumart və Güvən reklamı Vumart Güvən