Milli Elmlər Akademiyasıın adı dəyişdiriləcək? - AÇIQLAMA
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 28 iyul tarixli fərmanı ilə Təhsil Nazirliyinin adı dəyşdirilərək Elm və Təhsil Nazirliyi oldu.
Redaktor.az xəbər verir ki, Prezident Fərmanına əsasən, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. AMEA-nın tabeliyində isə humanitar və ictimai elmlər sahəsi saxlanıldı.
Əldə etdiyimiz məlumata görə, AMEA-nın adı dəyişdirilib bundan sonra Humanitar və İctimai Elmlər Akademiyası adlandırılacaq.
Məsələni dəqiqləşdirmək üçün sözügedən qurumun mətbuat katibi Azadə Balayeva ilə əlaqə saxladıq. A.Balayeva onda bu barədə rəsmi məlumatın olmadığını dedi:
"Mən də sizin kimi neçə vaxtdır bu barədə sosial şəbəkələrdə və cəmiyyətdə yayılan şayiələri eşidirəm. Amma AMEA-nın Rəyasət Heyəti tərəfindən mənə bu barədə rəsmi məlumat verilməyib. Əgər belə bir məlumat verilsə təbii ki, mətbuata və ölkə ictimaiyyətinə dərhal bu barədə bildiriləcək".
Nərmin VÜQARQIZI












