“Heç kəs şagirdləri forma geyinməyə məcbur etmir" - Məktəb direktoru

Xəbər verdiyimiz kimi, bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavab verərkən bildirib ki, məktəblilərin yeni forma geyinməsi məcburi deyil və heç bir müəllim və ya direktor valideynləri yeni forma almağa məcbur edə bilməz.
Buna baxmayaraq, 49 nömrəli “İntellekt” məktəb-liseydə təhsil alan bəzi şagirdlərin valideynləri Redaktor.az-a bildiriblər ki, məktəb müəllimləri israrla onlardan şagirdlərin yeni tədris ilinə təzə formalarla başlamasını tələb edirlər. Bununla bağlı votsap qruplarında ya sinif rəhbərlərinin özü tərəfindən, ya da “valideyn komitəsi” tərəfindən mesajlar göndərilir.
Məsələni aydınlaşdırmaq üçün adıçəkilən məktəbin direktoru Təhminə Əsədova ilə əlaqə saxladıq. O, bildirdi ki, şagirdlər yeni forma geyinməyə məcbur edilmir.
“Heç kəs şagirdləri forma geyinməyə məcbur etmir. Heç formanın şəkli qruplara atılmayıb. Kimin köhnə forması varsa, onu geyinəcək. Kimin də forması yoxdursa, yenisini alacaq. Heç kimi məcbur etmirik. Nazir bildirdi ki, forma məcbur deyil və açığı, kontingent də kasıbdır. Hər gün yeni forma alacaq kollektiv mövcud deyil. Kimin nəyi var, onu geyinəcək”,- deyə məktəb direktoru qeyd edib.
Nərmin VÜQARQIZI