“Əgər keyfiyyət yaxşı deyilsə, nə üçün insanlar kütləvi şəkildə gəlib forma alırlar?" - BTE

Yeni məktəbli formaları ilə bağlı narazılıqların sayı günü-gündən artmağa davam edir.
Valideynlər bildirirlər ki, məktəbli formasının qiyməti ilə keyfiyyəti üst-üstə düşmür. Qiymət baha, keyfiyyət isə aşağıdır.
Belə ki, həm də tikişdə yol verilən xətalar, həm formanın istehsalında istifadə edilən parçanın materialı valideynləri qane etməyib. Halbuki Bakı Tikiş Evinin (BTE) rəhbəri bildirmişdi ki, parçalar keyfiyyətli olduğu üçün qiyməti ucuz etmək mümkün deyil.
Maraqlıdır, məsələn, 1 ətək və 1 polo köynəyin 40 manata olduğu halda məhsullar nə üçün bu qədər keyfiyyətsizdir?
Sualımızı cavablandırması üçün BTE-nin satış müdiri Etibar Əzimov ilə əlaqə saxladıq. Qurum rəsmisi Redaktor.az-a bildirdi ki, ətək və şalvarların hazırlandığı parçanın 60 %-i yun, 40 %-i isə polestardır.
“Əgər məhsulların keyfiyyəti yaxşı deyilsə, nə üçün insanlar kütləvi şəkildə buraya gəlib forma alırlar? Şagirdlərin forma geyinməsi tövsiyə xarakteri daşıyır. Məktəblərdə direktorların forma tələb etməsinə isə mən cavabdeh deyiləm. Parçaların qarışığında yun olduğu üçün coddur”,- E. Əzimov dedi.
Onun sözlərinə görə, formanın tikilməsində istifadə edilən parçalar xaricdən gətirilir:
“Forma üçün parçalar Belarusdan, Türkiyədən və Özbəkistandan gətirilir. Parçaları alanda sertifikatı olur, onların tərkibi barədə bizə sənəd təqdim edilir”.
Nərmin VÜQARQIZI