Dövlət Komitəsi hərəkətə keçdi - Bağça və reabilitasiya mərkəzlərində yoxlamalar aparılacaq

 09:47 07.09.2022     321

Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub.

Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib. 

Resaktor.az xəbər verir ki, Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır. 

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.