Məktəbli formasının satış bazarının BTE-dən asılılığını ləğv etmək lazımdır - Ekspert

Bir müddət öncə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablayan elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, direktorlar və ya məktəb müəllimləri şagirdləri yeni forma geyinməyə məcbur edə bilməz.
Amma bir müddət sonra jurnalistlərlə görüşündə nazir məktəblilərin vahid forma geyinməsi məqsədəuyğun olduğunu dedi.
Redaktor.az-a daxil olan məlumata görə, məktəb direktorları isə valideynlərdən tələb edirlər ki, şagirdlər yeni tədris ilinə mütləq yeni forma ilə başlamalıdırlar.
Məktəblərin açılmasına az qaldığı bir müddətdə məktəblilər və valideynlər arasında təzə forma ilə bağlı çaşqınlıqlar davam edir, narazıların sayı artır.
Mövzu ilə bağlı danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova saytımıza bildirdi ki, vahid forma məcburiyyəti yoxdur, nazirin müraciəti vahid formaya keçid üçün sadəcə çağırışdır.
“Belə bir məcburiyyət yoxdur. Hətta məktəb rəhbərliyi imkanı çatmayan ailələrlə bağlı məlumat verməli, alternativ variantları təklif etməlidir.
Mən də şagirdlərin forma geyinməsinin tərəfdarıyam, amma bu o demək deyil ki, formaya görə uşaq təhsildən kənarda qalmalıdır. Önəmli olan təhsilin keyfiyyətidir”.
Söhbətimiz əsnasında formaların keyfiyyətindən də danışan təhsil eksperti bu barədə də şikayətini dilə gətirdi:
“Mən də razıyam ki, yeni məktəbli formaları çox yararsızdır. Bakı Tikiş Evi (BTE) bunu onunla əlaqələndirir ki, keyfiyyətli material baha başa gəlir. Amma geyimlərdə material ilə yanaşı tikiş səhvlərinin də olduğunu görürük. Aydın şəkildə görünür ki, bu problemdir.
Burada ən önəmli məsələlərdən biri də formaların tikilib çatdırılmasıdır. Bazarda saya uyğun olaraq, kifayət qədər material və geyim yoxdursa, necə tələb edə bilərik ki, vahid forma olsun? Hər birimiz keyfiyyətli geyimin alınmasını istəyirik ki, uşaqlar heç olmasa bir neçə il davamlı şəkildə bu geyimdən istifadə etsinlər. Hər ailənin imkanı yoxdur ki, yeni forma alsın. Buna görə də, növbəti ildən daha sistemli şəkildə həyata keçiriləcək”.
İctimai Şuranın sədri əlavə etdi ki, məktəbli geyimlərinin keyfiyyətsizliyini aradan qaldırmaq üçün Elm və Təhsil Nazirliyinə lazımi təkliflər paketini təqdim ediblər:
“Keyfiyyəti təmin etmək, eyni zamanda monopoliyanın qarşısını almaq üçün təklif edirik ki, bazara digər şirkətlərin girilməsinə icazə verilsin. Əgər şirkətlər özləri biznes məqsədi ilə daha keyfiyyətli məktəb formaları təqdim edəcəksə, sözsüz ki, valideynlər yeni geyimləri gedib oradan alacaqlar. Məktəbli formasının satış bazarının BTE-dən asılılığını ləğv etmək lazımdır. Bu zaman biz keyfiyyətli məhsulları görə bilərik”.
Nərmin VÜQARQIZI