“Əcnəbilər üçün Çində təhsilin xüsusiyyətləri” mövzusunda seminar keçirildi

 10:41 08.09.2022     1438

Azərbaycan Dillər Universitetində (ADU) “Çin: cəmiyyət və mədəniyyət” adlı yay onlayn mühazirəsi çərçivəsində “Əcnəbilər üçün Çində təhsilin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Universitetdən Redaktor.az-a xəbərə görə, seminarda çıxış edən Şanxay Universitetinin magistrı Kəmalə Məmmədova Çində təhsil almağın üstünlükləri, Çində alınan diplomların dünyanın əksər ölkələrində tanınması, Çin təhsili ilə Azərbaycan təhsili arasındakı əsas fərqlər, Çin universitetlərinin məzunları üçün dünya miqyasında reputasiyaya malik böyük Çin şirkətlərində məşğulluq imkanlarından danışıb.

K.Məmmədova Çin universitetlərində tədris prosesinin xüsusiyyətlərindən, məşhur çinli və dəvət olunmuş əcnəbi müəllimlərin mövcud dünya standartlarına uyğun nəzəri və praktiki dərslərin keçirilməsindən, Çin universitetləri ilə Avropa və Amerikanın ən yaxşı universitetləri ilə əməkdaşlıqdan da danışıb. O, xüsusilə Qlobal Təhsil Proqramının qrantı və Çin Hökumətinin Təqaüdü üçün namizədlərin seçilməsi prosesinin təşkilinin xüsusiyyətlərinə diqqət çəkib.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin strateji siyasi-iqtisadi əməkdaşlığının daim genişlənməsindən,  turist mübadiləsinin genişlənməsindən, ixtisaslı çin tərcüməçilərinin  tələb olunmasından  danışaraq, Azərbaycan gəncləri və tələbələri arasında Çin dilinə marağın ildən-ilə artdığını qeyd edib. O bildirib ki, diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi, iki ölkənin aparıcı universitetləri arasında elm və təhsil əlaqələri, Çin hökuməti və Çin şirkətləri tərəfindən həyata keçirilən təhsil və təcrübə proqramları, Azərbaycanın ali və orta məktəblərində Çin dilinin tədrisinin genişləndirilməsi davamlı olaraq  gücləndirilib. Belə ki, dövlətlərarası müqavilə əsasında Azərbaycan Təhsil Nazirliyi hər il Çinə 50-ə qədər tələbə göndərir, ADU Konfutsi İnstitutunun xətti ilə isə 10-dan çox tələbə Çin dili üzrə təhsil  alır. Çin universitetlərində bir il Çin dilinin milli müəllimləri müntəzəm təşkil olunan Çin təkmilləşdirmə kurslarını uğurla bitirirlər. R.Abbasov həmçinin qeyd edib ki, ADU Konfutsi İnstitutu mövcud inzibati pandemiya məhdudiyyətləri şəraitində elmi-tədris layihələrinin həyata keçirilməsi və  onlayn təhsil problemlərinin həlli istiqamətində fəal işləyir.