"Sertifikasiyanın nəticələrinin ictimailəşdirilməsi şagirdlərin müəllimlərə inamını zədələyir" - Deputat

 13:12 08.09.2022     2533

"Müəllimlərin sertifikasiyasını dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Ancaq hesab edirəm sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir".

Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşımında Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib.

Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab etdiyini vurğulayan deputat əlavə edib ki, müəllimlərin sertifikasiyasının ictimailləşdirilməsi müəllimlərin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir: 

"Bu həm də şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədə uyğundur. Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə qüsur və xəta varsa ciddi cəza da olmalıdır".

Nərmin VÜQARQIZI