"Nazirliyə yaxın direktorlara göz yumurlar" - Təhsil eksperti

 17:15 09.09.2022     2022

Ötən (2021-2022-ci) tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.

Xatırladaq ki, respublika ərazisində 4432 orta məktəb var ki, onlardan 320-si paytaxt Bakının payına düşür.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün məktəb direktorlarının böyük əksəriyyəti vəzifəyə gələndə məqsədləri daha çox pul qazanmaq, qısa müddətdə varlanmaqdır.

“Belə halda keyfiyyət öndə olmur. Bu da çox ciddi qüsur, problemdir. Təbii ki, Bakıda yerləşən 320 məktəbin 70-dən çoxunda problemin olması o demək deyil ki, digərlərində yoxdur. Sadəcə digərləri nazirliyə yaxın adamlar olub deyə yoxlamayıblar və ya yoxlamalarına göz yumublar. Bu, birmənalı olaraq belədir.

Bütün bunlar onu göstərir ki, biz idarəediciləri düzgün seçə bilmirik və yaxud da seçdiklərimizi düzgün təlimatlandıra bilmirik. Təhsil müəssisəsini idarə edən şəxslər test və müsahibədən keçirilir, lakin bəzən bu testlərin də şəffaflığında böyük şübhələr yaranır. Biz bunla seçim etməməliyik. Araşdırsaq, görərik ki, fəaliyyətinə görə cəzalandırılan müəllimlər arasında “Tərəqqi” medalı, döş nişanı alan bu və ya digər təşəkkürnamələr ilə mükafatlandırılan direktorlar da var. Buna görə də, birmənalı şəkildə hesab edirəm ki, biz təhsili idarəedən şəxslərin seçilmə üsullarını dəyişməliyik. Bizim direktor və direktor müavini seçmə üsul və vasitələrimiz keyfiyyətli deyil”.

Qeyd edək ki, direktor seçimləri test və müsahibə mərhələlərindən ibarətdir.

Nərmin VÜQARQIZI