"13 yaşlı qızın ana olmasına görə məktəbi çox günahlandıra bilmərik" - Uşaq təşkilatının sədri

 12:59 10.09.2022     1273

Xəbər verdiyimiz kimi, ötən günlərdə Bakının Sabunçu rayonunda 13 yaşlı uşaq ana olub.

Elm və təhsil naziri Emin Əmrullayev hadisə ilə bağlı bildirib ki, bu nazirliyin səlahiyyətində olan məsələ deyil.

Baş verən bu təəssüf doğuracaq hadisə cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə böyük rezonans doğurduğu üçün rəsmilərin verdiyi açıqlamalar da sərt idi. Amma elm və təhsil nazirinin bu açıqlaması da bir o qədər təəssüf doğurdu.

Çünki onun sözlərinin əksinə olaraq məktəb rəhbərliyinin də bu məsələdə nöqsanı var.

Maraqlıdır, 13 yaşlı məktəblinin hamilə şəkildə dərsə gəlməsinə və ya 9 ay müddətindəki davamiyyətsizliyinə təhsil aldığı məktəbin rəhbərliyini nədən göz yumub?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, uşaq ailədən məktəbə, məktəbdən də ailəyə qayıdırsa burda birgə fəaliyyəti formalaşdırmağa ehtiyac var.

“Bu məsələni məktəbin üzərinə atmaqla biz nə əldə edirik ki? Uşağın əgər məktəbdə davranışlarında problem varsa, davamiyyəti yoxdursa, davranış pozuntusu müşahidə olunursa, məktəblərdə  “Məktəblinin Dostları” deyilən bir layihə var, onlara müraciət etmək olardı. Amma dəqiq bilmirəm ki, o məktəbdə bu proqram var, ya yox.

Dünən jurnalistlər də bu barədə elm və təhsil nazirinə suallar verirdilər. Əslində bu nazirin həll edə biləcəyi bir şey deyil, amma biz hər dəfə vurğulayırıq, məktəblərdə təlim-tərbiyə işi təşkil edilməli və Sosial Xidmətlər Agentliyi cəlb olunmalıdır, icra hakimiyyəti yanında komissiyaların məlumat bazaları formalaşmalıdır ki, həssas ailələrdən olan uşaqlar mütəmadi nəzarətdə olsun, ailələri ilə görüşlər təşkil edilsin. Əgər məktəblinin davamiyyəti yaxşı deyilsə, davranışında dəyişikliklər varsa, psixoloqla görüşməlidir”,- deyə birlik sədri qeyd etdi.

Söhbət əsnasında K.Ağazadə onu daəlavə etdi ki, yeniyetmənin diqqətdən kənar qalmasının səbəbləri müxtəlifdir:  

“Ehtimal edirəm ki, məktəbin şagird sayı çox olduğu üçün diqqətdən kənar qalıb. Ola bilər ki, yeniyetmənin özü də ünsiyyətcil olmayıb. Bütün bu səbəblərdən ola bilər ki, münasibətlər doğru qurulmayıb. Amma təkcə məktəbin məsuliyyəti dedikdə, qız bir az cüssəli qızdır, ehtimal edirəm ki, məktəb hamiləliyin 5-6 ayında bitib. Bu müddət ərzində hamiləliyi elə də gözə çarpmaya bilər. Uşağın özü dedi ki, mən hamilə olduğumu 5 ayında hiss etdim. Bu məsələləri nəzərə aldıqda 13 yaşlı qızın ana olmasına görə məktəbi çox günahlandıra bilmərik. Məsələyə birtərəfli yanaşmamalıyıq. Bu məsələdə ailənin, məktəbin, cəmiyyətin, internetin, sosial şəbəkələrin, davranışların, texnologiyanın, hətta narkotik istifadəçilərinin də günahı var”.

Nərmin VÜQARQIZI