Abituriyentlərin NƏZƏRİNƏ! - Kolleclərin boş yerlərinə ixtisas seçimi yekunlaşır

 13:14 10.09.2022     347

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a bildirilib ki, ixtisas seçimi sentyabrın 11-i saat 23:59-da başa çatacaq. Bu gün saat 11:35-ə olan məlumata görə, 2639 (Azərbaycan bölməsi - 2850, rus bölməsi - 59) nəfər ixtisas seçimi edib. Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.