70-dən artıq məktəbin bərpası planlaşdırılır - NAZİR

 16:00 10.09.2022     465

Saray qəsəbəsində yerləşən 2 saylı Azim Müzəffərov adına tam orta məktəb 1960-cı illərdə tikilib. Təhsil ocağı köhnə və istifadəyə yarasız olduğu üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yenidən inşa edilib. Məktəb minimum 2 min şagird üçün nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, bu fikirləri AzərTAc-a müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

Saray qəsəbəsində əhalinin sayının artması ilə əlaqədar sıxlıq müşahidə olunduğunu bildirən nazir deyib ki, bu da yeni məktəbin tikilməsini zəruri edirdi. Yenidən inşa olunan məktəb qəsəbə sakinlərinin və burada təhsin alan şagirdlərin keyfiyyətli təhsilini təmin edəcək. Təhsil ocağında bütün müasir laboratoriyalar, fənn kabinetləri qurulub. Eyni zamanda, ayrıca olaraq STEAM mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə radiotexnika, proqram kodlaşdırma, elmin və riyaziyyatın vacib sahələrini özündə birləşdirın laboratoriyalar fəaliyyət göstərəcək. Bu məktəb Abşeron rayonunun, eləcə də ölkəmizin təhsilinə töhfə verəcək.

“Ölkəmizdə son illərdə tikilən məktəblər müasir standartlara tam cavab verir. Biz ümumilikdə məktəblərdə 3 D printerlərin, kompüterlərin sayını artırmağa çalışırıq, heç olmasa, robototexnikanın da bəzi elementlərini məktəblərə veririk. Cari ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır ki, onlardan da 30-u modul tiplidir. Ümumilikdə Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, MİDA və digər qurumlar tərəfindən məktəblər tikilir, bərpa olunur. Belə ki, 70-dən artıq məktəbin bərpası və yenidən tikilərək yararlı bir şəkildə təhsil sisteminə qaytarılması planlaşdırılır”, -deyə nazir əlavə edib.