Məktəbələrdə Bilik günü qeyd edilməyəcək - RƏSMİ- YENİLƏNİB

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – Bilik gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:
"Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq".
***
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik günü qeyd edilməyəcək.
Redaktor.az xəbər verir ki, artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib.
Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir.
Belə ki, Bilik günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.