"Əgər minimum əmək haqqı 300 manatdırsa, bu qiymətlər çox yüksəkdir" - Deputat

 17:33 14.09.2022     1521

Artıq illərdir, Azərbaycandan minlərlə tələbə istər bakalavr, istərsə də magistr təhsili almaq üçün xarici ölkələrə, o cümlədən qardaş Türkiyəyə axın edirlər.

Ekspertlər hesab edir ki, bunun əsas səbəblərindən biri də xarici ölkələrlə, xüsusən də, Türkiyə ilə müqayisədə Azərbaycanda universitetlərin təhsil haqlarının olduqca baha olmasıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, universitetlərin təhsil haqları arasında belə fərqlərin olmasının səbəbi yanaşmanın müxtəlifliyidir.

“Türkiyədə təhsil daha çox ödənişsiz əsasladır. Ödənişli olanların məbləği də o qədər də çox deyil. Bu, Türkiyədə bir sistem halına gətirilib.

Azərbaycana gəldikdə isə biz deyə bilmərik ki, bütün universitetlərdə təhsil haqları yüksəkdir. Bəzi universitetlərdə, bəli, ödənişlər olduqca yüksəkdir. 4-6 min manat təhsil haqqını çox yüksək hesab edirəm. Əgər minimum əmək haqqı 300 manatdırsa, bu qiymətlər çox yüksəkdir. Bəzi universitetlərdə isə qiymətlər elə də yüksək deyil”,- deyə millət vəkili qeyd etdi.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanda da dövlət sifarişi əsasında təhsil yerlərinin sayı artmaqda davam edir:

“Əvvəlki dövrlərdə daha çox ödənişli əsaslarla tələbələr təhsil alırdısa, indi getdikcə dövlət hesabına təhsil alanların sayı artır. Azərbaycanın real imkanlarını nəzərə alaraq biz dövlət hesabına təhsilalanların sayını artıra bilərik. İndi ölkədə Təhsil Tələbə Krediti Fondu da fəaliyyət göstərir. Bir sıra dövlət qurumları bu istiqamətdə addımlar atırlar. Amma gələcəkdə bunun faiz nisbətinin daha da artırılması məqsədəuyğundur. İndi təxminən demək olar ki, tələbələrin yarısı dövlət, yarısı isə ödənişli əsaslarla təhsil alır. Gələcəkdə ödənişsiz oxuyanların sayının artırılması üçün Azərbaycanın yetərincə potensialı mövcuddur”.

Nərmin VÜQARQIZI