“Şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunmalıdır” - Deputat

 15:37 20.09.2022     13231

Orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi böyük problemə çevrilib. Belə ki, yeniyetmələrin çəkdikləri bəzi görüntülər zaman-zaman ölkə ərazisində gündəmi silkələyib, səs-küyə səbəb olub.

Həm də dərs müddətində şagirdlərin telefon istifadə etməsi fikirlərinin tez-tez yayılmasına, dərsə diqqətsizliyə gətirib çıxaran məsələlərdən biridir.

Bir çox dünya ölkələrində , eləcə də, qonşu Rusiyada smartfonların dərs zamanı istifadə edilməsi qadağan olunub. Bəs, yeni başlayan tədris ilində Azərbaycanda da bu qadağa tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov dedi ki, məktəblərdə şagirdlərin mobil telefon istifadə etməsinə müəyyən məhdudiyyətlərin qoyulması məqsədəuyğundur.

“Əslində burada məsələnin mahiyyəti odur ki, bu gün faktiki olaraq ağıllı telefonlar bizim təhsil prosesinə problemlər yaradır. Bu, açıq hiss olunur. Bu, təkcə bizdə yox, bütün dünyada özünü göstərir ki, bir sıra hallarda şagirdlərin fikri daha çox telefonda olur. Bəzən isə xoşagəlməz hadisələr baş verir. Bu baxımdan bir sıra ölkələr dərsdə telefonların qadağan edilməsi ilə bağlı qərarlar qəbul ediblər. Hesab edirəm ki, bizim ölkədə də bu məsələyə baxıla bilər. İndi ən azından smartfonların məktəblərə aparılması məsələsinə baxıla bilər və bununla bağlı məhdudiyyət tətbiq edilə bilər.

Düşünürəm ki, bu məsələ ilə bağlı problemlər getdikcə artacaq və özünü acı şəkildə büruzə verəcək. Məktəblərə telefonların aparılmasına məhdudiyyətlərin qoyulmasına ehtiyac var”,- deyə C. Məmmədov bildirdi.

Nərmin VÜQARQIZI