Alimimiz məşhur elmi-jurnalın xüsusi bölməsinin redaktoru oldu

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov və Çex Respublikasının Palacky Universitetinin professoru Josef Mikeşin redaktoru olduğu “Müasir fizikada diferensial həndəsi üsullar” (Differential Geometric Methods in Modern Physics) adlı xüsusi bölmə “Web of Science” bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Frontiers in Physics” jurnalında (IF: 3.718) dərc olunub.
Redaktor.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Xüsusi bölmədə dünyanın müxtəlif ölkələrindən olan alimlərin 7 məqaləsinə redaktorlar tərəfindən rəy verilib. Bölmədə müasir fizikada tətbiq olunan yeni diferensial həndəsi metodlar ətraflı təsvir edilib. Əsas məqsəd müxtəlif həndəsi strukturlarla təmin edilmiş çoxobrazlılar nəzəriyyəsində yeni anlayış və üsulların təklif edilməsi və nəzəri fizikada tətbiq yollarının göstərilməsi olub.
Qeyd edək ki, Arif Səlimov 1956-cı ildə Ağsuda anadan olub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışıb, 1980–1983-cü illərdə isə Rusiyada Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil alıb. 1984-cü ilin yanvar ayında Kazanda məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib.
1983–1999-cı illərdə Bakı Dövllət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışıb.
1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru dissertasiyasını müdafiə edən A.Səlimov və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur.
Arif Səlimov 25 ilə yaxın Türkiyədə çalışıb və elmi layihələrə rəhbərlik etdiyinə göre qardaş ölkənin dövlət mükafatlarına layiq görülüb.
Azərbaycan elminə verdiyi töhfələrə görə 2019-cı ildə Prazident İlham Əliyev tərəfindən "Əməkdar Elm Xadimi" fəxri adı ilə təltif edilən dünyaca məşhiur alimimiz 2017-ci ildən BDU-da "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.