Təmir adı ilə müəllimlərdən pul tələb edən direktorun səsi yayıldı - VİDEO - YENİLƏNİB

 21:55 19.09.2022     2503

Sumqayıt şəhər 32 saylı tam orta məktəbinin işçi heyəti direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildiriblər.

Redaktor.az xəbər verir ki, sözügedən məktəbin müəllimi Zaur Məhərrəmov açıqlamasında heç kimə pul vermədiyini bildirib:

“Kimsə gəlib mənim cibimdən pul oğurlaya bilər?, O kimdir ki, maaşdan pul kəssin. Biz maaşı kartla alırıq. Direktor maaşdan pul kəsə bilməz. Pul verən savadsız müəllimdir ki, aparıb pulu verir”.

Təsərrüfat işləri üzrə müavin Cahan Kərimova isə mövzudan xəbərsiz olduğunu vurğulayıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirib ki, mövzu ilə bağlı məlumat idarəyə sentyabrın 16-sı daxil olub:

“Məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi barədə əlavə məlumat veriləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

***

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Redaktor.az xəbər verir ki, adıçəkilən məktəbin direktoru Esmira İbrahimova “Unikal”a açıqlamasında hadisədən məlumatlı olduğunu, belə bir səs yazısı olmadığını, deyilənlərin isə şər-böhtan olduğunu bildirib:

“Məktəbdə 1 qəpik də olsun pul yığılmayıb. Qrupda o barədə heç bir söhbət olmayıb. Yalan məlumatdır”.

Direktor əlavə edib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən onunla əlaqə saxlanılıb:

“Onlara da bildirdim ki, belə bir söhbət yoxdur. Bu, yalandır”, - deyə E.İbrahimova vurğulayıb.

***

Sumqayıtda orta məktəbin direktoru müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Redaktor.az xəbər verir ki,  hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.

Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.

Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.

"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.

15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veiləcək.