Ötən il nə qədər tələbə ali məktəblərdən xaric olunub? - RƏSMİ

 17:02 19.09.2022     340

Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Həmin tələbələr təhsildən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılırlar. Sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin oxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilir. Belə ki, tələbə öz arzusu ilə başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzrsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən) ali məktəbdən xaric edilə bilər.

Ötən tədris ilində nə qədər tələbə universitetdən kənarlaşdırılıb?

Redaktor.az xəbər verir ki, "modern.az" bununla bağlı bəzi universitetlər arasında sorğu keçirib.

Ötən tədris ilində Bakı Dövlət Universitetindən (BDU) müxtəlif səbəblərə görə 229 nəfər tələbə xaric olunub.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, keçən tədris ilində 38 nəfər öz ərizəs ilə ATU-dan uzaqlaşdırılıb. 22 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə, 18 nəfər isə tədris ilinin əvvəlində qeydiyyatdan keçə bilmədiyinə görə, öz ərizələri ilə universitetdən kənarlaşdırılıb.

Ötən il 79 tələbə öz ərizəsi əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən ayrılıb. Bundan əlavə, universtetlə əlaqəsi kəsildiyinə görə 96 nəfər xaric olunub. Bir nəfər isə vəfat edib.

 

Azərbacan Dövlət Pedaqoji Universitetindən saytımıza verilən məlumata görə, 2021-2022-ci tədris ilində 123 nəfər müxtəlif səbəblərdən xaric olunub. Bu tələbələr arasında transfer alıb başqa universitetə keçid edən, xarici ölkəyə gedən və universitetlə əlaqəsini kəsənlər də olub.

Azərbaycan Texniki Universitetindən isə qeyd edilib ki, keçən il 214 tələbə öz xahişi ilə təhsil ocağından kənarlaşdırılıb.

"Bu tələbələr subbakalavr kimi universitetə daxil olanlardır. Onlar subbakalavr olduqları üçün işləyirdilər. Təhsili işlə parallel davam etdirə bilmədiklərindən xaric olunmaq üçün ərizə yazıblar", - deyə universitetdən bildirilib.