Günel Səfərovadan 13 yaşlı məktəblinin ana olmasına REAKSİYA

“Məsələ bundan ibarətdir ki, həmin o qız hamiləliyinin 5 aylığında məktəb bitib. Əslində məktəbdə elə bir şərait yaradılmalı idi ki, uşaq məktəbin psixoloqu, müəllimlər və digər insanlar zorakılıq qurbanı olduğunu deyərdi və bununla bağlı baş verən hadisələri inandığı bir insana danışmalı idi. Məktəb müəllimlərindən maraqlanmışıq, bildiriblər ki, onun hamiləliyi hiss olunmayıb. Çünki fiziki baxımdan da bir az kök qızdır. Amma burda fiziki baxımdan hamiləliyin hiss edilib-edilməməsi müzakirə mövzusu deyil. Müzakirə mövzusu elə bir şəraitin yaradılmasıdır ki, uşaq zorakılıq qurbanı olduqda və yaxud bununla bağlı hansısa bir narahatlığı olduqda, - fərq etmir ailədaxili, icmalar arası və sair - bunu məktəbin psixoloquna, müəllimə və yaxud inandığı birinə deyərdi. Belə bir mühiti formalaşdırmaq lazım idi”.
Bu fikirləri Bakıda 13 yaşlı məktəblinin ana olması ilə bağlı Redaktor.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova dedi. Onun sözlərinə görə, şura və çevik ekspert qrupu olaraq tədris ili başlayanda həmin məktəbə gedəcəklər.
“Əlbəttə ki, konkret faktla bağlı dərs ili açılandan sonra həmin məktəbi ziyarət edəcəyik. Bu zorakılıq qurbanının kimliyi bilirsiniz ki, azyaşlıdır. Müəyyən edilməsin deyə baş verən zorakılıq aktında müəyyən məqamlar var. Bu ictimaiyyətdə geniş müzakirə olunası mövzulardır. Amma bəzi detallar var ki, onları açıqlamaq bizim ümumi ailə dəyərlərinə ziyan vuracaq hal alacaq. Bunun üçün indi istintaq gedir, araşdırılma aparılır. Amma bizim üzərimizə düşən yük bu məsələni aydınlaşdıraq ki, şagird bu halda məktəbə gəlirsə, həmin məsələlər gizli qalmasın”,- deyə o, qeyd edib.
Nərmin VÜQARQIZI