Azərbaycanda hansı universitet tələbəni yataqxana ilə təmin edir?

 16:28 21.09.2022     4483

Yeni təhsil ilinin başlaması ilə ali məktəblərə yeni qəbul olunan müxtəlif şəhər və rayonlardan tələbələr paytaxta üz tutublar. Məlum məsələdir, rayondan Bakıya təhsil almaq üçün gələn tələbənin yaşamaq üçün yeri də olmalıdır. Tələbələrin gəlişi ilə Bakıda kirayə evlərə tələbat artır, beləliklə, qiymət də artır. Təbii ki, kirayə evlərin bahalaşması istər tələbələr, istərsə də valideynlər üçün bir sıra çətinliklər yaradır. Belə olan halda, onların dadına universitetlərin yataqxanası çatır. Lakin bundan da məhdud sayda tələbə istifadə edə bilir.

Maraqlıdır, yeni tədris ilində universitetlər tələbələri yataqxana ilə təmin edəcəkmi?

Redaktor.az mövzu ilə bağlı paytaxtdakı universitetlər arasında sorğu aparıb.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Namazova bildirdi ki,  2020-ci ildə istifadəyə verilən “Tələbə evi” yataqxanası 220 nəfərlikdir.

“Yataqxanaya otaq üçün müraciət edənlərin arasında şəhid ailələrinə, müharibə iştirakçılarına, həssas təbəqədən olan ailələrin övladlarına üstünlük verilir. Yataqxana bütün müasir tələblərə cavab verir. Belə ki, bina yüksək keyfiyyətdə təmir olunub, camaşırxanası, kitabxanası, yaxşı mətbəxi, oxu zalı, wi-fi var. Qeyd edim ki, hər il olduğu kimi bu il də 220 nəfərlik yataqxana tam şəkildə dolub”.

Mətbuat katibi əlavə edib ki, yeni yataqxanaların tikilməsi gündəmdədir.

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova universitetin 5 yataqxanası olduğunu dedi:

“5 yataqxananın hər birində məcburi köçkünlər məskunlaşıb. Buna görə tələbələr istifadə edə bilmirlər. Onlar köçürüldükdən sonra yataqxana tam təmir olunub tələbələrin istifadəsinə veriləcək”. 

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı qeyd etdi ki, universitetin 1 yataqxanası var.

“Azərbaycan Dillər Universitetinin yataqxanası 240 nəfərlikdir. Demək olar ki, bu yerlərin hər biri dolub. Hər il yataqxananın tərkibi dəyişir”,- C.Zeynallı əlavə etdi.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, uzun illərdir, universitetdə qızlar yataqxanası fəaliyyət göstərir:

“200-dən artıq tutuma malik yataqxanada tələbələrin yaşaması üçün hər bir şərait yaradılıb. Yataqxanada yaşamaq istəyən tələbələr məktubla müraciət edirlər və onların məktublarına müsbət cavab verilərək yataqxanada yerləşdirilirlər. Tələbələrin dərslərə daha yaxşı hazırlaşa bilməsi üçün yataqxanada kitabxana da fəaliyyət göstərir. Bu gün ərizə qəbulunun gəlməsi davam edir, amma artıq 30-dan çox tələbə bununla bağlı müraciət edib”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirdi ki, təmsil etdiyi universitetin tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 14 mərtəbəli 2 yataqxanadan ibarətdir. Bu binalarda da  qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Ümid edirik ki, yaxın zamanlarda qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı komitəsinin sədri Cahangir Qasımov sorğumuza cavab olaraq məlumat verdi ki, universitetin balansındakı 4 yataqxanadan biri hazırda təmir səbəbi ilə fəaliyyətini dayandırıb:

“3 saylı yataqxana təmirə görə fəaliyyətini dayandırıb. 1 və 2 saylı yataqxanalarda qızlar, 6 saylıda oğlanlar, 5-də isə əcnəbi tələbələr yaşayırlar. 4 yataqxananın ümumi tutumu 968 nəfərdir. Hər il olduğu kimi bu il də tələbələri yataqxana ilə təmin edəcəyik. İlk olaraq şəhid və qazi ailələrinə üstünlük veriləcək. Bu il kifayət qədər boş yer olmasa da, çalışacağıq ki, ehtiyacı olan hər bir azərbaycanlı tələbəni yataqxana ilə təmin edək. Qalan yerlərdə isə əcnəbi tələbələr yerləşdirilir” .

C. Qasımov onu da əlavə edib ki, azərbaycanlı tələbələr üçün yataqxana qiymətləri əvvəlki qaydada olacaq və qiymətlər ayda otaq tutumuna görə 50-80 manat civarında dəyişir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov qeyd etdi ki, ADNSU-nun vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub.

“Hazırda isə ADNSU-nun balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin  bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. Otaqlar 2 və 3 nəfərlikdir, hər otağın qiyməti 100 manat təşkil edir. Bu da 3 nəfərlik otaqlar üçün hər tələbəyə 35, 2 nəfərlik otaqlar üçün isə 50 manat ödəniş deməkdir. Yataqxanada yerli tələbələr, həmçinin əcnəbi tələbələr qalır. Bundan əlavə, yerli tələbələr arasında sosial təminatı zəif olan, həssas ailə qruplarına daxil olan  tələbələrə güzəştlər olunur, ehtiyac olarsa onlar pulsuz yataqxana ilə təmin olunurlar”.                     

Nərmin VÜQARQIZI

22
Vumart və Güvən reklamı Vumart Güvən