"Tələbələr ayaq üstə daha yaxşı görünür" - Prorektordan stul açıqlaması

Xəbər verdiyimiz kimi, Odlar Yurdu Universitetinin bufetində tələbələr üçün stullar yığışdırılıb. Sosial şəbəkələrdə yayılan məlumatda stulların yalnız müəllimlərin istifadəsi üçün nəzərdə tutulduğu qeyd olunub.
Tələbələr arasında geniş narazılıq yaradan məsələ ilə bağlı Redaktor.az-a danışan Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov burada qeyri-adi bir şeyin olmadığını bildirib.
Eyni zamanda, prorektor narazılığa əsas görmədiyini vurğulayıb:
“Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.
Prorektor bildirib ki, bu nümunəni Avropadakı universitetlərdən görüb, tətbiq ediblər:
“Biz xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq”.