“Görüntülər iki şagirdin dostluğu və zarafatı yox, birinin o birinə nifrətini göstərir”

 14:48 04.10.2022     7672

“Məktəblərimiz niyə bu gündədir? Görünən odur ki, heç kəs qanunla ona həvalə olunmuş vəzifələrini zamanında icra etmir və ya bundan tamam uzaqdır. Ümumtəhsil məktəblərində "məktəb mədəniyyəti" anlayışı var. Bu bir çox ölkələrdə geniş inkişaf etməklə bərabər, sağlam rəqabətə geniş yol açmışdır. Mədəniyyət məktəb rəhbərliyindən tutmuş, məktəbdə fəaliyyət göstərən, təhsil alan hər bir şagirdin davranışını, əxlaqını özündə cəmləşdirən bir anlayışdır. Bu səbəbdən də məktəb insanın formalaşmasında ailədən sonra ikinci tərbiyə məkanı hesab olunur. Bu, şagirdlərin sağlam böyüməsi və təhsilinə çox ciddi təsir göstərir”.

Redaktor.az xəbər verir ki, bunu Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev deyib. Onun sözlərinə görə, məktəb mədəniyyətinin əhəmiyyəti nəzərə alınmadığı təqdirdə, 112 saylı orta məktəbdə baş verən hadisələrlə çox qarşılaşacağıq:

“Bu halda heç vaxt təhsillə bağlı sağlam nəticələrə nail ola bilməyəcəyik. Səhər-səhər baş vermiş hadisəni ürək ağrısı ilə izlədim. Fiziki zora məruz qalan şagirdi doğmam, yaxınım kimi hiss etdim. Bunun orta məktəb şagirdi tərəfindən edildiyinə inanmaq istəmədim və dərhal 112 saylı orta məktəbin rəhbərliyi ilə əlaqə saxladım. Bir vətəndaş olaraq, baş vermiş hadisəyə etirazımı bildirdim. Uşaqların sağlam böyüməsi və təhsil almasında birbaşa onların məsuliyyət daşıdığını nəzərlərinə çatdırdım. Bunun ilk hadisə olmadığını və sistemli şəkildə baş verdiyini, dövlətin onlara göstərdiyi etimadı doğrultmadıqlarını bildirdim”,-deyə o əlavə edib.

Məktəbdən hüquqşünasa verilən məlumata görə, hadisə 9-cu sinif şagirdləri arasında baş verib.

“9-cu sinif şagirdləri arasında baş vermiş hadisədən təəssüfləndiklərini və artıq hüquq mühafizə orqanlarının, təhsilə birbaşa cavabdeh olan qurumların məsələyə biganə qalmadığını bildirdilər. Qeyd etdilər ki, hər iki şagird dost olub və zarafatla başlayıblar, sonradan biri digərini ağır zərbələrlə vurmağa başlayıb. Amma görüntü başqa bir şeyi deyir. Hər iki şagirdin dostluğu və zarafatı yox, birinin o birinə nifrəti və nifrətdən doğan şiddəti. Buna səbəb nədir? Artıq buna psixoloqlar, məktəblərdə təlim-tərbiyə məsələlərinə cavabdeh olan şəxslər və hüquq mühafizə orqanlarının əməkdaşları cavab verə bilərlər. İnanıram ki, təhsilə və məsələnin araşdırılaraq təqsirkarların məsuliyyətə cəlb olunmasına cavabdeh olan səlahiyyətli şəxslər döyülən şagirdi öz doğması hesab edərək obyektivliyi və ədalətliliyi qoruyacaq”, - deyə Ə.Allahverdiyev vurğulayıb.

Nərmin VÜQARQIZI