"Elm və Təhsil Nazirliyi uşaqlarımızı birmənalı şəkildə müdafiə etmir" - AÇIQLAMA

 14:21 04.10.2022     705

“Ölkədə hazırda 4432 orta ümumi təhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Təhsil özlüyündə çox geniş bir prosesi əhatə edir. Çox təəssüf ki, biz statistik nəticələrə və təhlillərə baxanda görürük ki, son 2 il ərzində Azərbaycan məktəblərində baş verən neqativ hallar əvvəlki 15 il ilə müqayisədə daha çoxdur. Xüsusən biz bunu şagirdlər arasında intihar hallarının çoxalmasında, məktəblilərin öz aralarında bir-birlərinə qarşı fiziki və psixoloji zorakılıq, pul yığma və digər xoşagəlməz hallarının artmasında görə bilərik. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi hazırda tədris prosesinə ümumilikdə nəzarət edə bilmir və idarəetməni tamamilə yaddan çıxarıb. Bu gün məktəblərdə vəziyyət o qədər də ürəkaçan deyil. Hətta biz bu il 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əvvəlki illərlə müqayisədə bu il nəticələr çox aşağı səviyyədədir. Hazırda orta ümumi təhsil məktəblərimizdə təhsil-tədris mühiti yoxa çıxıb. Son 2 ildə nəticələrin çox ciddi bir şəkildə gerilədiyini görürük”.

Bunu Redaktor.az-a təhsil eksperti Kamran Əsədov Bakının 112 saylı məktəbində şagirdin şagirdi döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasının ən başlıca səbəblərindən biri məktəblərdə normal tədris mühitinin olmamasıdır.

“Təbii ki, baş verən hadisə, yəni Bakı məktəblərinin birində şagirdin digər şagirdə qarşı qəddarcasına sanki İkinci Dünya müharibəsində əsir götürülmüş əsgərə işgəncə kimi bir fiziki zorakılığı tətbiq etməsi artıq bizim məktəblərimizdə təhsil mühitinin itdiyini göstərir. Yəni əgər həmin məktəbdə və ümumiyyətlə təhsil sistemində normal mühit olsa idi, onlar başa düşərdilər ki, şagirdlər bir-biri ilə əməkdaşlıq edir, bir-birini qoruyur, çətin vəziyyətdə arxa-dayaq olurlar. Amma görünən odur ki, hazırda bizim təhsil mühitimiz yoxa çıxdığına görə şagirdlər hətta bəzi sosial şəbəkələrdə video paylaşmaq üçün digər həmyaşıdlarına və sinif yoldaşlarına qarşı çox ağır fiziki zorakılıqlar tətbiq edirlər. Bu, dəhşətdir, dözülməz bir haldır. Bu məsələ birmənalı şəkildə valideynləri narahat etməlidir, çünki hadisə onu göstərir ki, uşaqları məktəbə göndərəndə daha diqqətli olmalıyıq. Biz məktəb mühitinin hansı durumda olduğunu artıq bilirik”.

Ekspert bildirdi ki, valideynlər artıq məktəb mühitindən narahatdırlar.

“Hazırda valideynlərin məktəblərə etibar etməməsi mövzusu gündəmə gəlir. Məktəblərə nəzarət mexanizmi tamamilə itib. Bu gün valideynlər narahatdır ki, övladlarını müəllimlər döyə bilər və bu proses hər an baş verə bilər. Fiziki zorakılığa heç bir halda haqq qazandırmaq olmaz. Nəzərə alsaq ki, onlar azyaşlıdır və birinin digərinə qarşı törətdiyi əməl birbaşa cinayət əməlidir. Hər hansı ciddi fiziki xəsarət də törədilə bilərdi. Bu, xoşagəlməz haldır.

Bunu yaxşı ki, uşaqlar telefona çəkiblər. Görün çəkilməyən nə qədər yüzlərlə, minlərlə belə faktlar var. Müvafiq qurumlar məktəblərə nəzarət edə bilmirlər və onlar ancaq fərdi qaydada özünü müdafiə etməlidir. Belə çıxır ki, valideynlər övladlarını təkcə məktəbə göndərməli deyil, eyni zamanda idman dərslərinə göndərməlidirlər ki, özlərini müdafiə etməyi gücləndirsinlər. Çünki Elm və Təhsil Nazirliyi uşaqlarımızı, gələcəyimizi birmənalı şəkildə müdafiə etmir və onları çətin situasiyada ortada qoyur. Buna görə çox ciddi şəkildə cəzalandırma olmalıdır”, - deyə Kamran Əsədov qeyd etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən