Sinif yoldaşını döyən şagirdi hansı cəza gözləyir? – Hüquqşünas AÇIQLADI

 16:09 04.10.2022     2656

Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

Hadisə Bakıda 112 saylı orta məktəbdə baş verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb.

"Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək",-deyə Z. Hüseynov qeyd edib.

Bəs öz həmyaşıdına qarşı şiddət göstərən 9-cu sinif şagirdini hüquqi cəhətdən hansı cəza tədbirləri gözləyir?

Bu barədə Redaktor.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev dedi ki, əgər yetkinlik yaşına çatmayanlar cinayət törətmiş olsalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyətə cəlb olunurlar.

“Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

85-ci maddəyə görə, yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri müxtəlifdir; cərimə, ictimai, islah işləri və müəyyən müddətdə azadlıqdan məhrum etmə”.

Hüquqşünas əlavə etdi ki, 87-ci maddəyə görə, tərbiyəvi xarakterli məcburi tədbirlər də görülə bilər:

“87-ci maddənin 1-ci bəndinə görə, xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.

2-ci bəndə görə isə nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin, yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.

O uşaq, əlbəttə cəzalandırılmalıdır. Yəni qeyd etdiyim formada o şagird barəsində tədbir görülməlidir. O uşağın psixoloji durumu, davranışları və digər məsələlər məsuliyyət yaradır".

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən