"COVİD belə indiki qripdən yüngüldür" - Pediatrdan məktəblilərə MƏSLƏHƏT

 12:39 05.10.2022     11295

Son günlər paytaxt məktəblərində uşaqlar arasında burun axması, öskürək, boğaz ağrısı ilə müşahidə olunan xəstəliklər müşahidə olunur. 

Bəs məktəblərdə bu xəstəliklərin yayılmaması üçün hansı tədbirlər görülür? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirdi ki, məktəblərdəki tibbi xidməti yerli poliklinikalar həyata keçirir:

“Səhərlər məktəbdə qapıda 1-2 nəfər durub baxış keçirir. Əgər uşaqda xəstəlik müşahidə edilsə, valideyninə xəbər verilir, valideyn uşağı məktəbə qoymur".

Həkim-pediatr Nəsibə Nəsirova isə bildirdi ki, xəstə uşaqları məktəblərə buraxmamaq lazımdır:

“Bir uşaq bütün uşaqların taleyini həll edir. Gün ərzində nə qədər xəstəyə baxırıq. Hamısı da məktəb yaşında uşaqlardır. Məsələn, bu gün valideyn zəng vurub ki, “Uşaq boğulur, öskürür, mən məcburam, sabah dərsə aparacam. Neçə gün qalacaq evdə?” Bu da digər uşaqlar üçün təhlükə yaradır. Xəstəliyin bu qədər yayılmağına əsas səbəb budur. Xəstə uşaqları aparırlar və digər uşaqlar yoluxur. Mən məsləhət görürəm ki, ən azından maska taxılsın. Uşaqlar maskasız məktəbə getməsin. Xəstəsi də sağlamı da. Dərmanlar ikinci dərəcəlidir. Çünki virus qeyri-adi virusdur. Yəni bu virusun inkubasiya dövrü yoxdur. Yəni əvvəllər yoluxurdun, 1-2 həftə inkubasiya dövru olurdu və sonra xəstələnirdin. Amma bu virusda dərhal qızdırma, boğucu öskürək kimi hallara rast gəlinir.”

Pediatr onu da qeyd etdi ki, bağçalarda da vəziyyət eynidir.

“Nədənsə uşaqların bu cür xəstələnməyi özəl bağçalarda da müşahidə olunur. Bəzi uşaqlar virusu yüngül formada keçirirlər, bilmirlər və onlar daşıyıcı kimi başqalarını yoluxdururlar. İmmun sistemi zəif olan uşaqdırsa, dərhal biruzə verir. Ancaq valideynlər və məktəb müəllimi nəzarət etməlidirlər ki, xəstə uşaqları məktəbə buraxmasınlar. Həmçinin hava da qeyri-sabit keçir. Bu, payız havası deyil. Səhər bir hava olur, bir saatdan sonra hava dəyişir. Rütubət, nəmişlik, hamısı təsir edir. Biz o dərəcəyə çatırıq ki, bəzən deyirik kaş COVİD olsun. COVİD belə hal-hazırda bu qripdən yüngüldür", - deyə Nəsibə Nəsirova bildirdi.

Həmidə İbrahimova