Prezidentin təltif etdiyi müəllimlər danışdı: "Şagirdlər öncə insan kimi yetişməlidir"

 17:09 05.10.2022     1024

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bununla bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də verib. İndi oktyabrın 5-ni Azərbaycan da daxil olmaqla dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Peşə bayramı ilə əlaqədar hər il ölkəmizdə bir qrup təhsil işçisi dövlət tərəfindən təltif edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün  Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Eyni zamanda fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilib.

“Əməkdar müəllim” fəxri adı alan və “Tərəqqi” medalı ilə təltif olunan müəllimlər Redaktor.az-a danışıb.

299 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyyə Verdiyeva bildirdi ki, təltif olunan müəllimlərin siyahısında adını görəndə olduqca sevinib:

“Dünən günorta saatlarında cənab Prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduğumu eşidəndə çox xoşbəxt oldum, qürur hissi keçirdim. Vətənimin tərəqqisində, inkişafında mənim də rolum var və bu, İlham Əliyev tərəfindən dəyərləndirilib. Bu, çox qürurverici hissdir. Bu hissləri yaşatdığına görə, Prezidentimizə təşəkkür edirəm”.

İllərdir, şagirdlərinin qayğısına qalan N. Verdiyeva dedi ki, 15 il öncəki şagirdlərlə indiki məktəblilər arasında heç bir fərq yoxdur:

“Çünki hansı dövrdə olmasından asılı olmayaraq, şagirdin həmişə müəllimin qayğısına, onun əlindən tutub yol göstərməsinə, bilik verməsinə ehtiyacı var. Bu baxımdan şagirdlər arasında fərq görmürəm. Amma bugünkü məktəblilər müəllimi müəyyən cəhətdən qane edir, bəzi məsələlərdə isə qane etmir. Qane edən cəhət odur ki, indiki uşaqlar öz hüquqlarını ötən zamanın şagirdlərindən daha yaxşı bilir. Çünki informasiya o qədər geniş yayılıb ki, onlar daha möhkəm, daha mübarizdir. Bu da cəmiyyətin inkişafı üçün çox müsbət haldır.

Bu gün virtual aləmdə kompüter texnologiyalarının, internetin çox inkişaf etdiyi bir dövrdə məktəblilərin dünyagörüşü baxımından nisbətən geridə qalması isə qane etməyən cəhətdir. İnternetə daxil olanda, sosial şəbəkələrdə dolaşanda onlar dünyagörüşündən çox başqa şeylərə meyl edirlər. Bu da onların dünyagörüşünü nisbətən məhdudlaşdırır, mütaliədən uzaqlaşdırır. Mən bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi indiki uşaqları daha mütaliəli, dünyagörüşlü olmalarını istərdim. Fərqi yoxdur hansı ixtisası seçir, şagirdin hər zaman mütaliə etməyə ehtiyacı var. Bir müəllim kimi vəzifəmi yerinə yetirməyə çalışıram və fəaliyyətimi şagirdlərimi mütaliəyə, oxuyub öyrənməyə həvəsləndirmək yönündə qururam”.

“Əməkdar müəllim” fəxri adına layiq görülən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin Gənclərin çağırışa qədərki və hərbi hazırlığı müəllimi Qəhrəman Qasımov isə bildirdi ki, bu ad onun peşəsinə daha çox məsuliyyət yükləyib.

“Dünən günorta saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda öz adımı görəndə iftixar və qürur hissi duydum. Həmişə bir əsgər kimi Ali Baş Komandanının yanındayam, yeritdiyi daxili və xarici siyasəti dəstəkləyirəm. Təhsildə aparılan islahatlar göz önündədir, günü-gündən inkişaf edir. Qarabağ əlili kimi, təhsil işçisi kimi qürur duydum ki, möhtərəm Prezidentimiz mənim təhsildə və Vətən qarşısında nailiyyətlərimi yüksək qiymətləndirib. “Əməkdar müəllim” fəxri adı çiyinlərimə daha çox məsuliyyət yüklədi. Dövlət başçımıza öz adımdan, ailəmin adından təşəkkürümü bildirirəm”.

Səbail rayon 2 saylı texniki-humanitar liseyin biologiya və STEAM müəllimi Sevil Musayeva da “Tərəqqi” medalı ilə təltif olunanlar siyahısındadır. O, bildirdi ki, dövlət başçısı İlham Əliyev təhsil işçilərinin zəhmətini hər zaman yüksək qiymətləndirilib.

“Adımı siyahıda görəndə çox sevindim, çəkilən zəhmətin dəyərini gördüm. Mən şagirdlərimi təhsildən öncə doğru insan, vətəndaş kimi yetişməsi üçün əlimdən gələni edirəm. Şagirdlər öncə insan kimi yetişməlidir, təhsil sonrakı mərhələdir. Bu gün məktəbdə verdiyim tapşırıqların hər birini yerinə yetirən şagirdlər də var, qismən qane edən uşaqlar da var.

Mən həm də öz uşaqlarımın müəllimiyəm. Məktəbi bu il bitirən oğlum Elçin Respublika üzrə və Beynəlxalq Olimpiadada riyaziyyat fənni üzrə qalib olub”, - deyə S.Musayeva əlavə etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən