Gəncədə zəhərlənən şagirdlərdən ikisi evə buraxıldı - YENİLƏNİB

 19:26 07.10.2022     3500

Gəncədə zəhərlənərək xəstəxanada müalicə alan 3 saylı tam orta məktəbin daha iki şagirdi evə buraxılıb.

Redaktor.az xəbər verir ki, Abbas Səhhət adına Yoluxucu Xəstəliklər Şöbəsindən verilən məlumata görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilən beş şagirddən üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Digər iki şagirdin müalicəsi isə xəstəxana şəraitində davam etdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında məktəbin “6b” sinfində texnologiya dərsi zamanı şagirdlər tərəfindən hazırlanan salat 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Hadisə ilə bağlı dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib.

***

Gəncə şəhərində 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib. 

Redaktor.az xəbər verir ki, məktəbdən report-a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb. 

"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.