Azərbaycan məktəblərində erməni dili tədris oluna bilərmi? - AÇIQLAMA
2012-ci ildən başlayaraq Ermənistanda ilk dəfə olaraq Azərbaycan dili tədris olunmağa başlayıb. Yerli medianın məlumatına görə, elə həmin il “Azərbaycan dili” dərsliyi də nəşr olunub. Qeyd edilib ki, hazırda bir sıra orta məktəblərdə şagirdlər Azərbaycan dilini öyrənirlər.
Bəs, Azərbaycanda orta məktəblərdə, xüsusilə Ermənistanla sərhədyanı bölgələrdə erməni dilinin tədris olunmasına ehtiyac varmı? Ali məktəblərimizdə erməni dili öyrədilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı qeyd etdi ki, tələbələr arasında erməni dilinin öyrənilməsində maraq çoxdur:
“Artıq bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur. Tələbələr bu dili öyrənməyə, daha dərindən mənimsəməyə maraq göstərirlər və onların arasında kifayət qədər yaxşı nəticə göstərənlər var. Ötən ildən etibarən isə universitetdə Erməni Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. ADU bu vacib işə öz töhfəsini verir və əlbəttə, bu gələcəkdə də davam edəcək”.
Bakı Dövlət Universitenin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Namazova isə bildirdi ki, universitetin iki fakültəsində erməni dili tədris olunur:
“Tarix fakültəsinin magistraturasında ölkəşunaslıq (Ermənistan üzrə) ixtisaslaşmasında, bakalavriaturasında regionşunaslıq (Qafqaz üzrə) ixtisasında erməni dili tədris olunur.”
Mövzu ilə bağlı Milli Məclisin keçmiş komissiya sədri, professor Şahlar Əsgərovun da fikirlərini öyrəndik. Onun sözlərinə görə, orta məktəblərdə erməni dilinin tədrisi ictimai əhəmiyyəti az, amma xüsusi əhəmiyyəti olan bir məsələdir.
"Bunun Azərbaycan gənclərinin təhsillənməsinə, özünü işlə təmin etməsinə çox az təsiri var. Ermənistan kasıb, paxıl ölkədir. Sərhəd rayonu olan Kəlbəcər məktəblərində erməni dilinin tədrisi əhəmiyyət kəsb etmir. Dallas doktrinasına, sui-qəsd nəzəriyyəsinə və ya "5-ci kolon" sahiblərinin köməyi ilə ermənilər belə planlar qura bilərlər. Onlar uzağa və yaxına gedən məkirli planlar qura bilərlər. Azərbaycan dilini öyrənməklə cəmiyyətimizə daxil olurlar, gələcəkdə özlərini işlə təmin edə bilərlər. Bir az dərinə gedərək, adını və familiyasını dəyişərək erməni xüsusi orqanlarının dəstəyi ilə cəmiyyətin müxtəlf qatlarına yerləşdirilə bilərlər. Bu məsələ bizdə də ümumi yox, ancaq xüsusi əhəmiyyətə malik ola bilər. Bu məsələ cəmiyyətin yox, dövlətin xüsusi orqanlarının məsələsidir. Ali məktəblərdə, hərbi məktəblərdə erməni dilinin tədrisi mümkündür.
Bu yaxınlarda sosial şəbəkələrdə bir məlumat paylaşıldı. Güya müasir İranın yaradıcısı ağeyi Xomeynin babası ingilis imiş. İngilisin nəvəsini sonra fars dilində oxudublar, daha sonra İrana göndərərək və ölkənin inkişaf yoluyla dəyişərək, demokratik yoldan molla rejiminə keçirtdilər”,-deyə professor qeyd etdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd etdi ki, erməni dilinin kütləvi öyrənilməsinə ehtiyac yoxdur:
“Əlbəttə insanlarımız bilsə, yaxşı olardı. Amma bu gün mənim yanaşmam ondan ibarətdir ki, biz erməni dilinin tədrisinə, öyrənilməsinə önəm verməliyik. Yəni bu, daha çox universitetlər, xüsusi kurslar müstəvisində olmalıdır. Biz bunu hamıya tətbiq edə bilmərik. Hesab edirəm ki, sırf erməni dilini tədris edən, Ermənistanı araşdıran ayrıca bir mərkəzin olmasına ehtiyac var. Baş verən proseslər onu göstərir ki, Ermənistanın hələ də bizə qarşı olan kin-küdurəti, düşmənçiliyi davam edir və edəcək. O baxımdan da gələcəyi proqnozlaşdırmaq, prosesləri təhlil etmək üçün, hesab edirəm ki, kurslarda və bir mərkəzdə bu istiqamətdə tədrisə ehtiyac var. Bizim həm hərbiçilərimiz, həm siyasətçilərimiz, həm də müxtəlif qurumlarda çalışan diplomatlarımız arasında erməni dilini, Ermənistanı bilən mütəxəssislərə ehtiyac var ki, onlar prosesləri izləsinlər və araşdırsınlar. Necə ki, bu gün bunu Ermənistan edir.”
Deputat onu da qeyd etdi ki, erməni dilində saytlar, informasiya mənbləri, kitablar olmalıdır.
“Biz gələcəyə doğru bu istiqamətdə ciddi düşünməliyik. Həm müvafiq ixtisaslar, sahələr, həm də yalnız dilin öyrənilməsi ilə bərabər mütləq Ermənistan ictimaiyyətindəki əhval-ruhiyyəni, prosesləri də dərindən diqqətlə öyrənməliyik ki, gələcək strategiyamızı, planlarımızı müəyyənləşdirək. Hesab edirəm ki, Azərbaycandakı universitetlərin birində ayrıca erməni dili fakültəsinin açılması ola bilər. Bu, ya bakalavr tələbələrinin iştirakı ilə və ya magistr səviyyəsində də ola bilər ki, bu prosesdə gecikməyək”,- deyə Ceyhun Məmmədov əlavə etdi.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı isə bildirdi ki, bir neçə xarici dil bilmək yaxşıdır, amma erməni dilinin orta məktəblərdə kütləvi şəkildə öyrədilməsi faydalı deyil.
"Bu məsələdə ehtiyatlı olmaq, milli-dövlət təhlükəsizliyi maraqları ciddi nəzərə alınmalıdır. Kütləviliyin əvəzində universitetlərin Qafqazşünaslıq ixtisasında təhsil alan tələbə və magistrlara erməni dili, etnopsixologiyası və başqalarını yaxşı öyrədilməlidir. Müvafiq qurumların akademiyalarında da erməni dilinin dərindən öyrədilməsi zəruridir".
Həmidə İbrahimova












