"Bu pullar direktorların cibinə gedir" - Təhsil eksperti

 16:18 13.10.2022     1502

Bildiyimiz kimi, ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərin bir çoxu fərdi hazırlıq kurslarına, repititor yanına hazırlığa gedirlər. Bəzən şagirdlərin hansısa müəllimin evinə getməsinə də ehtiyac qalmır. Bəzi müəllimlər müəyyən məbləğ qarşılığında məşğələlərini elə məktəbdə təşkil edirlər.

Bəs sinif otaqlarının icarəyə verilməsi qanuna uyğundurmu? Buradan əldə olunan gəlir nəyə xərclənir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a bildirdi ki, burada hər hansısa bir qanunsuzluq yoxdur.

“Burada heç bir qanunsuzluq yoxdur. “Təhsil haqqında” qanuna görə, məktəblə müəllim arasında yalnız müqavilə imzalandığı təqdirdə sinif otaqları icarəyə verilə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Bu proses mütləq şəkildə müqavilə əsasında, qanunvericiliyə uyğun olmalıdır”.

Ekspert qeyd etdi ki, icarədən əldə olunan pul məktəbin saxlanılması üçün istifadə edilməlidir:

“Orta ümumtəhsil məktəblərin inzibati binası qanunvericiliyə görə, təhsil xidmətləri üçün icarəyə verilə bilər. Amma hazırlıq kursları istisnadır. “Təhsil haqqında” qanuna görə, məktəbin müvafiq resurslarından gəlir gətirmək, maddi-texniki bazasını yüksəltmək məqsədi ilə istifadə edilə bilər. Amma baxaq, görək oradan daxil olan pul həqiqətən də bunun üçün istifadə olunur? Bizdə problem siniflərin icarəyə verilməsi yox, gələn gəlirin istifadə olunma məqsədləridir. Əlbəttə ki, bu pullar direktorların cibinə gedir”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən