"Təhsildəki güzəştlər vətənə xəyanətdən daha ciddi problemdir" - Deputat
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmədiyini deyib. Nazirin bu açıqlaması cəmiyyətdə böyük rezonans yaradıb.
Redaktor.az xəbər verir ki, sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, bu acınacaqlı hala görə müəllim hazırlayan ali məktəblər cavabdehlik daşıyırlar.
"Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki güzəştlər vətənə xəyanətdən daha ciddi problemdir. Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb (cəlb olunubsa, lap pis), ən əsası isə özü-özünü təkmilləşdirməyib. Ali məktəblərin birində "Kimya" imtahanında tələbələrdən xlorun (Cl) və dəmirin(Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan ali məktəblərn birində isə 4 -cü kurs "Fizikanın tədrisi metodikası" dərsində isə məşhur "Maks Plank düsturu"nu soruşdum, bunu da bilən olmadı. "Fəlsəfə" fənnin imtahanında bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan "Dialektik materializm"in sualları idi. Nazirin təbirincə desək, bunlar da cinayətdir...",- deyə millət vəkili əlavə edib.
İLTİFAT












