"Müəllimlərin işləri azmış kimi rəngli məktublar yazmaqla məşğul olacaqlar" - Nadir İsrafilovdan ETİRAZ

 14:57 21.10.2022     2134

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”  hazırlanıb.

Hər iki sənəd ictimai müzakirəyə çıxarılıb. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.

Maraqlıdır, bu cür tədbirlər həqiqətən də faydalı və səmərəlidirmi? Bu proses nə dərəcədə uğurlu olacaq?

Suallarımızı cavablandırması üçün təhsil eksperti, professor Nadir İsrafilov ilə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, orta ümumtəhsil məktəblərində xüsusilə son illərdə bir-birini əvəz edən neqativ hallara reaksiya olaraq Elm və Təhsil Nazirliyinin təşkilatçılığı baxımından şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları və valideyn məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimatın ictimai müzakirəyə çıxarılması təqdir olunandır.

“Belə bir addım atılmalı idi ki, ictimaiyyətdə "Təhsil Nazirliyi bu hadisələrə biganə qalmır" şəklində rəy yaransın. Bu baxımdan belə bir müzakirəyə ehtiyac var idi. Amma təəssüf doğuran hal odur ki, müzakirə prosesinə cəlb olunanlar arasında əsasən təhsil rəsmiləri, deputatlar və jurnalistlərdən savayı bir nəfər belə geniş ictimaiyyət nümayəndəsinə, ekspert qismində tanınan təcrübəli təhsil mütəxəssisləri gözə dəymədi. Bəlkə də mən görmədim. İştirakçı deputatların müəyyən hissəsi heç məktəblə əlaqəli olmayan adamlar idi.

Təhsil sahəsində hazırlanan hər hansı normativ hüquqi aktların layihələrinin müzakirəsinə geniş ictimaiyyətin cəlb olunması müstəqillik dövründə qəbul etdiyimiz islahat proqramının xüsusi maddəsi idi. Burada da müəllim, valideyn, məktəb, şagird münasibəti məsələsi var, olmazdımı ki, valideyn komitələrindən nümayəndələr də dəvət olunardı. Təkcə deputat və rəsmilərin iştirakı heç də o demək deyil ki, geniş ictimaiyyətin nümayəndələri burada iştirak edib. Əgər orada mütəxəssislər də olsa, onlar da öz sözlərini deyərdilər”.

Ekspertin sözlərinə görə, bu sahədə daha öncəki zamanlarda geniş təcrübə olub:

“Bir zamanlar hər məktəbdə əxlaq kodeksi, ədəb qaydaları tətbiq olunurdu. Yəni şagirdlərə fənlər üzrə yarım illik qiymətləndirmə ilə yanaşı, əxlaq qiymətləndirilməsi də həyata keçirilirdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Adının nə olması fərq etmir, önəmli olan bu qaydalar olub və ciddi də əməl edilib. Davranış əsasında yazılan qiymətlərə əsasən də xasiyyətnamə verilirdi. Onların ali ixtisas və peşə məktəblərinə daxil olanda və ya işlə təmin olunanda xasiyyətnamələri nəzərə alınırdı. Bu da istər valideynin, istərsə də şagirdlərin məsuliyyətini artırırdı.

İndi bu cür yeni qaydaların tətbiqi keçmiş təcrübəyə istinad kimidir, amma onun nisbətən fərqli formasıdır. Burada kartlar tətbiq olunacaq. İndi bu kartlar şəxsi işə nə dərəcədə təsirli olacaq? Kartları tutaq ki, xasiyyətnaməyə əlavə edildi, bu harada nəzərə alınacaq?”

N İsrafilov dedi ki, müəyyən olunan qaydalar çox abstrakt, mücərrəd xarakter daşıyır və işlək mexanizmi yoxdur:

“Məsələn müəllimin baxışı nə deməkdir, nə olan şeydir? Hər müəllimin bir cür baxışı var. Sonra şagirdlərlə sakit söhbət. Bilirsiniz, həddindən artıq primitivlik var. Məsələn, dərsdən sonra şagirdin məktəbdə saxlanması. Bu uşaqları dərsdən sonra saxlayıb nə edəcəklər? Əlavə dərs keçəcəklər, yoxsa tərbiyə işi görəcəklər? Deyək ki, qırmızı xəbərdarlıq. Nəticəsi necə olacaq? Qırmızı ən son xəbərdarlıqdır, yəni şagird məktəbdən qovulacaq? Konstitusiya hüququ, təhsil qanunvericiliyi var.   

Misal üçün valideyn ilə əlaqə saxlamaq. Onsuz da valideyn ilə əlaqə istənilən formada saxlanılır. Və ya psixoloqa yönləndirmə. Onsuz da psixoloqun işi-gücü ondan ibarətdir də. Belə çıxır ki, müəllimlərin işləri azmış kimi rəngli məktublar yazmaqla məşğul olacaqlar. Belə elementar məsələlər var. Düzdür, əziyyət çəkib bu məsələləri gündəmə gətirirlər, diqqətdə saxlayırlar, amma bu sənədlər qəbul ediləcəksə, təkmilləşməsinə böyük ehtiyac var”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən