Prezident ADA Universitetinə müstəqil tələbə seçimi aparmaq hüququ verdi - SƏRƏNCAM

 14:34 21.10.2022     252

Prezident İlham Əliyev “İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncama əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.

Nazirlər Kabinetinə İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək, layihə çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.