"Onları psixoloq adlandırmağımız düzgün deyil" - Tanınmış psixoloq

 16:18 24.10.2022     509

"Qızların ən çox sahib olmaq istədikləri peşələr müəllim, həkim, oğlanlarda isə polis, hərbçi və mühəndisdir”.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, psixologiya uşaqlar tərəfindən ən az maraq göstərilən sahələrdən biridir.

Müasir dövrdə ən çox ehtiyac olunan psixologiya sahəsinə diqqət nə üçün bu qədər zəifdir? Abituriyentlər arasında bu ixtisasa marağı artırmaq üçün nə etmək lazımdır?

Psixoloq Nuriyyə Quliyeva Redaktor.az-a bildirdi ki, psixologiya sahəsi müasir dövrdə ən vacib peşələrdən biridir, buna görə də bu ixtisasa marağın bu qədər aşağı olması təəccüb doğurur.

“Son illərdə dünyada, həmçinin ölkəmizdə yaranan vəziyyətlə bağlı problemlərin həlli məhz psixoloqlardan keçir. Eyni zamanda sağlam gələcək üçün təkcə fizioloji deyil, həmçinin psixoloji sağlam şəxslər yetişməlidir. Bu kimi problemlərin həlli də psixoloqlardan keçir. Belə vacib bir peşəyə az maraq göstərilməsi məndə də təəccüb doğurdu”.

Psixoloq qeyd etdi ki, bu sahəyə diqqətin az olmasının olduqca müxtəlif səbəbləri var:

“İlk olaraq onu deyə bilərəm ki, ola bilər ki, biz psixoloqlar bəlkə də nəyisə yanlış edirik, ya da düzgün təbliğ etmirik. Bu da düşünürəm ki, günümüzdə qeyri-ixtisas psixoloqların olmasıdır. Təbii ki, onları psixoloq adlandırmağımız düzgün deyil. Onlar psixologiya sahəsində çalışırlar, bu, qeyri-peşəkar yanaşmadır. Onların ali təhsilləri yoxdur, sadəcə sertifikat alıb işləyirlər. Çox təəssüf edirəm ki, sosial mediada belə insanların reklamı gedir. Bəlkə də onların uğursuzluqlarının nəticəsi ola bilər ki, psixoloqlara inam azalıbdır. Bu əsasla demək olar ki, yanlış təbliğat bunun ilk səbəbidir.

Etiraf etmək lazımdır ki, bu gün hər kəs psixoloq ola bilməz. Bu, bizim həm fərdi, həm də şəxsi xüsusiyyətlərimizdən irəli gəlməlidir - səbirli, təmkinli olmalıyıq. Psixoloqun digər peşələrdən fərqi odur ki, orada müəyyən xüsusiyyətlər var ki, daha çox onlara malik olmaq lazımdır və ola bilər ki, indiki gənclər o qədər səbrə malik deyillər, daha əsəbidirlər. Yəni öz psixoloji vəziyyətləri də onların qərarlarına təsir edir. Ola bilər ki, onların psixoloqlara marağı, hörmətləri var, sadəcə bu keyfiyyətlər onlarda olmadığı üçün özlərini təsdiqləyə bilməyəcəklərini düşünüb, bəlkə də doğru qərar veriblər. Bu baxımdan düşünürəm ki, emosional vəziyyət bir digər səbəbdir”.

Nuriyyə Quliyeva əlavə etdi ki, uşaqların bu yöndə istiqamətləndirilməsində məktəb psixoloqları xüsusi rol oynayır.

“Məktəb psixoloqları peşə seçimi ilə bağlı uşaqlarla söhbət aparmalı, izahlar verməlidirlər, həmçinin psixologiya sahəsinin nə qədər vacib olduğunu bildirməlidirlər. Çünki bütün dünyada psixologiya ən öndə olan sahələrdən biridir.

Gənclərin əgər bu sahəyə marağı varsa, psixoloq xüsusiyyətlərinə malikdirlərsə, onda bu sahəyə yönələ bilərlər”, - deyə o bildirdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən